
Azərbaycanın müasir tarixi xalqımızın yaddaşında həkk olunmuş böyük sınaqlar, keşməkeşli dövrlər və eyni zamanda qürur doğuran dirçəliş mərhələləri ilə zəngindir. Bu tarixlər arasında elə bir dönüş nöqtəsi var ki, həmin gün yalnız bir siyasi liderin seçilməsi deyil, bütövlükdə bir xalqın və müstəqil dövlətin məhv olmaq təhlükəsindən xilas edilməsi rəsmiləşdi. Həmin tarix 1993-cü ilin 3 oktyabrı – Ümummilli Lider Heydər Əliyevin ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə dərin siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qalmışdı. Hakimiyyətsizlik, səriştəsiz idarəçilik və daxili çəkişmələr ölkəni fəlakət astanasına gətirib çıxarmışdı. Cəbhədə torpaqlarımızın işğal olunması, nizamsız ordunun mövcudluğu və ölkə daxilində baş qaldıran separatçılıq meylləri (cənubda və şimalda) dövlətin ərazi bütövlüyünü və suverenliyini sual altına almışdı. Hakimiyyət uğrunda gedən çəkişmələr qardaşqovluğu həddinə çatmış, separatçı qüvvələr və silahlı dəstələr ölkəni parçalamaq təhlükəsi yaratmışdı. İstehsal dayanmış, inflyasiya pik həddə çatmış, əhalinin sosial vəziyyəti son dərəcə ağırlaşmışdı. Bir sözlə, Azərbaycanın dünya siyasi xəritəsindən silinmək, gənc müstəqilliyini itirmək təhlükəsi real reallıq idi. Xalq isə çıxış yolunu məhz Naxçıvandan – böyük siyasi təcrübəyə, qətiyyətə və xalq sevgisinə malik dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Bakıya qayıdan Heydər Əliyev əvvəlcə Ali Sovetin Sədri seçildi, ölkəni dərhal vətəndaş müharibəsindən qurtardı və sabitliyin təməlini qoydu. Lakin dövlətçiliyin qəti şəkildə qorunması və hüquqi əsasların möhkəmləndirilməsi üçün legitim hakimiyyət tələb olunurdu.
1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Azərbaycan cəmiyyəti misilsiz siyasi fəallıq nümayiş etdirdi. Seçicilərin 97,7 faizinin iştirak etdiyi bu səsvermədə xalqın mutləq əksəriyyəti – 98,8 faizi Heydər Əliyevə səs verdi. Bu rəqəmlər sadəcə seçki nəticəsi deyil, bütövlükdə cəmiyyətin ümummilli lider ətrafında sıx birləşməsinin, dövlətə olan inamının və qurtuluş arzusunun təntənəsi idi. Heydər Əliyev 3 oktyabr seçkilərindən başlayaraq Azərbaycan tarixinin şanlı səhifələrini yazdı. Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət ölkəni həm daxildə, həm də beynəlxalq müstəvidə ucaltdı. Ölkədə baş alıb gedən anarxiyaya, silahlı dəstələrin özbaşınalığına son qoyuldu, qanunun aliliyi təmin edildi. 1994-cü ildə imzalanan neft strategiyası Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını təmin etdi, ölkəyə böyük investisiyalar axını başladı. Pərakəndə dəstələr əsasında nizami, güclü və peşəkar Silahlı Qüvvələr formalaşdırıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, demokratik və hüquqi islahatların əsası qoyuldu.
1993-cü ilin 3 oktyabrı sadəcə təqvim yarpağı deyil, Azərbaycanın taleyini dəyişən, dövlətimizi məhv olmaqdan qurtaran milli qurtuluşun və xilaskarlığın zirvəsidir. Ulu Öndər Heydər Əliyevin həmin tarixdə sükan arxasına keçməsi ilə əsası qoyulan güclü siyasi təməl bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı Zəfərə, ərazi bütövlüyünün bərpasına və regionun lider dövlətinə çevirdi. 3 oktyabrda qoyulan təməl daşı bu gün qüdrətli və bütöv Azərbaycanın əsas sütunlarından biridir.
Yusifli Xaqan,
Bakı Dövlət Universitetinin tələbəsi, Nizami rayonunun fəal gənci


