
Azərbaycan xalqının və müstəqil dövlətçilik tarixinin taleyində elə müqəddəs və həlledici günlər var ki, həmin tarixlər millətin gələcək taleyini, parlaq sabahını və inkişaf vektorunu müəyyənləşdirib. Həmin əlamətdar və qürurverici tarixlərdən biri də 3 oktyabr 1993-cüildir. Bu gün müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin ümumxalq səsverməsi nəticəsində respublikamızın Prezidenti seçildiyi şanlı tarixdir.
3 oktyabr 1993-cü il sadəcə bir seçki günü deyil, fiziki və siyasi məhvolma təhlükəsi ilə üz-üzə qalan gənc müstəqil respublikanın xilası, qurtuluşu və yeni inkişaf mərhələsinin başlanğıcı idi.
SSRİ-nin süqutundan sonra bərpa edilən dövlət müstəqilliyimizin ilk illəri son dərəcə mürəkkəb, ziddiyyətli və təhlükəli proseslərlə yadda qaldı. Səriştəsiz və təcrübəsiz hakimiyyətin yürütdüyü səhv siyasət nəticəsində ölkə dərin siyasi, iqtisadi və sosial böhrana sürünmüşdü. Ölkə daxilində baş qaldıran ayrı-ayrı silahlı dəstələr və separatçı meyillər Azərbaycanı parçalamaq həddinə gətirib çıxarmışdı.Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımız bir-inin ardınca işğal olunur, qaçqın və məcburi köçkünlərin sayı gündən-günə artırdı. Sənaye iflasa uğramış, hiperinflyasiya əhalinin yaşayış səviyyəsini sıfıra endirmişdi, ölkədə anarxiya və özbaşınalıq hökm sürürdü.
Belə bir məqamda – xalqın həm daxildən, həm də xaricdən təzyiqlərə məruz qaldığı, dövlətçiliyin itirilmək təhlükəsi ilə üzləşdiyi bir anda xalqın təkidi və tələbi ilə Naxçıvandan Bakıya qayıdan dahi şəxsiyyət Heydər Əliyev xilaskarlıq missiyasını üzərinə götürdü. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilən Ulu Öndər ölkəni anarxiyadan qorumaq üçün qətiyyətli addımlar atmaya başladı.
Həmin il oktyabrın 3-də keçirilən prezident seçkilərində seçicilərin mütləq əksəriyyəti – 98,83% səs çoxluğu ilə Heydər Əliyevə etimad göstərərək onu Azərbaycan Respublikasının Prezidenti seçdilər. Bu, xalqın öz xilaskarına və gələcəyinə olan sonsuz inamının təntənəsi idi.
Prezident seçildikdən dərhal sonra Ulu Öndər Heydər Əliyev qarşıda duran nəhəng problemlərin həlli istiqamətində misilsiz iradə nümayiş etdirdi. Ölkədə hökm sürən qanunsuzluqlara, silahlı qruplaşmaların özbaşınalıqlarına son qoyuldu, dövlət hakimiyyətinin gücü bərpa edildi. Azərbaycançılıq ideologiyası ətrafında bütün cəmiyyət sıx birləşdirildi, milli-mənəvi dəyərlər dövlət siyasətinin əsas sütununa çevrildi. Ordu quruculuğunda ciddi dönüş yaradıldı, nizami silahlı qüvvələrin yaradılması istiqamətində təxirəsalınmaz tədbirlər görüldü.
Heydər Əliyev dahi strateq kimi gözəl başa düşürdü ki, siyasi müstəqillik iqtisadi müstəqilliklə möhkəmləndirilməlidir. Məhz onun gərgin səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə müstəqil Azərbaycanın tarixində ilk nəhəng saziş – “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə ölkəmizin geoiqtisadi əhəmiyyətini kökündən dəyişdi, Azərbaycanın malik olduğu zəngin təbii sərvətlər dünya bazarına çıxarıldı, Ölkəyə nəhəng xarici investisiyalar axını başladı.
Bakı-Novorossiysk, Bakı-Supsa, daha sonra isə əssası qoyulan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri regionun enerji xəritəsini yenidən çəkdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi. Bu Fundamental Qanun demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini qoydu, hakimiyyət bölgüsü prinsipini və insan hüquqlarının ali dəyər olduğunu təsbit etdi.
Hər il oktyabrın 3-nü qürur və minnətdarlıq hissi ilə yad edərkən bir həqiqəti dərindən dərk edirik: Heydər Əliyev Azərbaycanın xilaskarı, qurucusu və əbədiyaşar Lideridir.
Ulu Öndərin 1993-cü il oktyabrın 3-də hakimiyyətə gəlişi ilə başlayan qurtuluş yolu Azərbaycanı əmin addımlarla parlaq gələcəyə, davamlı tərəqqiyə və əbədi müstəqilliyə qovuşdurmuşdur. Onun ideyaları hər zaman yaşayacaq, Azərbaycan xalqı hər zaman onun əziz xatirəsini ehtiramla anacaqdır.
Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı


