AnalitikaGündəmSiyasət

Müstəqil və qüdrətli Azərbaycanin bünövrəsi: Ümummilli lider Heydər Əliyevin dövlətçilik irsi

Azərbaycan Respublikasının müasir tarixi, dövlət müstəqilliyinin bərpa olunması, qorunub saxlanılması, möhkəmləndirilməsi və beynəlxalq aləmdə nüfuzlu bir aktora çevrilməsi Ümummilli Lider Heydər Əliyevin adı, onun misilsiz siyasi dühası və titanik dövlətçilik fəaliyyəti ilə sarsılmaz şəkildə bağlıdır. 1993-cü il oktyabrın 3-də Heydər Əliyevin xalqın yekdil iradəsi, böyük etimadı və təkidli tələbi ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində həlledici dönüş nöqtəsi olmuş, milli dövlətçilik tariximizə müasir inkişafın və xilasın başlanğıcı kimi daxil olmuşdur.
1991–1993-cü illərdə ölkədə hökm sürən dərin siyasi-iqtisadi böhran, hərc-mərclik, anarxiya, özbaşınalıq və qeyri-peşəkar idarəetmə Azərbaycanı parçalanmaq, vətəndaş müharibəsi və müstəqilliyini birdəfəlik itirmək təhlükəsi qarşısında qoymuşdu. Ölkənin daxilindəki xaos, idarəetmə mexanizmlərinin iflic olması və xarici təhdidlər müstəqilliyin ilk illərində böyük fəlakətlər vəd edirdi. Məhz belə bir ağır və mürəkkəb tarixi şəraitdə Ulu Öndərin siyasi meydana qayıdışı, Vətənə və xalqa olan sonsuz sədaqəti, polad iradəsi, yüksək idarəetmə təcrübəsi və nadir uzaqgörənliyi sayəsində ölkə fəlakətin eşiyindən xilas edilmiş, sabitlik bərqərar olunmuş və müasir Azərbaycan dövlətinin sarsılmaz təməlləri atılmışdır.
Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsinin ana xəttini və mahiyyətini müasir, demokratik, hüquqi və dünyəvi dövlət anlayışları təşkil edir. Ümummilli Lider xalqa müraciətlərində və tarixi nitqlərində hər zaman vurğulayırdı ki, demokratiya, hüquq və dünyəvilik sadəcə nəzəri anlayışlar deyil, insan haqlarından qaynaqlanan, müstəqil Azərbaycanın strateji inkişaf yolunu müəyyən edən əsas sütunlardır. Hüququn aliliyinin təmin olunması, ilk milli Konstitusiyanın qəbul edilməsi, hakimiyyət bölgüsü prinsipinin bərqərar olması və demokratik təsisatların formalaşdırılması Heydər Əliyevin birbaşa rəhbərliyi ilə reallaşmışdır. Siyasətdə hər zaman milli mənafeləri və dövlətçilik mövqeyini hər şeydən uca tutan Ümummilli Lider mübarizə illərində həm də barışmaz idarəetmə üslubu, dərin təhlil qabiliyyəti və strateji gedişləri ilə dünya miqyaslı siyasi xadim səviyyəsinə yüksəlmişdir.
Ölkənin iqtisadi müstəqilliyini təmin etmədən siyasi müstəqilliyi saxlamağın qeyri-mümkünlüyünü yaxşı dərk edən Ulu Öndər əsaslı dəyişikliklərə start verərək tarixi Neft Strategiyasını işləyib hazırladı. 1994-cü ildə böyük çətinliklər və xarici təzyiqlər fonunda imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini köklü şəkildə dəyişdi, ölkəyə nəhəng xarici investisiyaların axınını təmin etdi və gələcək iqtisadi sıçrayışın bazasını yaratdı. Bu iqtisadi baza yalnız infrastrukturun yenidən qurulmasına deyil, həm də ordunun möhkəmləndirilməsinə, sosial rifahın yüksəldilməsinə və regional liderliyin əldə olunmasına xidmət etdi.
Eyni zamanda, Heydər Əliyev milli ideologiyanın özəyi kimi Azərbaycançılıq məfkurəsini formalaşdırdı. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı vahid məfkurə ətrafında birləşdirən bu ideologiya dövlətçilik, milli-mənəvi dəyərlər və ümumbəşəri prinsiplərin sintezindən ibarətdir. Ulu Öndər gösterirdi ki, hər bir Azərbaycan vətəndaşının, soydaşımızın üzərinə düşən müqəddəs borc müstəqil dövlətimizin qədrini bilmək, onu göz bəbəyi kimi qorumaq, inkişaf etdirmək və dünyanın qabaqcıl ölkələri səviyyəsinə qaldırmaqdır. Onun sülhsevər xarici siyasəti, Cənubi Qafqazda və dünyada davamlı sülhün bərqərar olunması istiqamətindəki addımları, gələcəyə olan sonsuz nikbinliyi və sarsılmaz prinsipləri bu gün də Azərbaycanın davamlı yüksəlişinin, beynəlxalq nüfuzunun və əbədi müstəqilliyinin etibarlı zəmanətidir. Məhz bu dahi şəxsiyyətin əsasını qoyduğu siyasi kursun layiqli davamı sayəsində Azərbaycan bu gün öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş qüdrətli bir dövlət kimi dünya xəritəsində qürurla addımlayır.
Dövlətçilik təcrübəsində ordu quruculuğu məsələsi də Heydər Əliyev siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Dağınıq və həvəskar silahlı dəstələrdən peşəkar, nizami, vahid komandanlığa tabe olan milli ordunun yaradılması məhz onun rəhbərliyi ilə həyata keçirilmişdir. Bu addım gələcək tarixi qələbələrimizin, torpaqlarımızın azad olunmasının və dövlət suverenliyimizin tam bərpa edilməsinin möhkəm təməlini qoymuşdur.
Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”. Və beləliklə Ümummilli Lider hakimiyyətinin birinci dövründə xalqımızın döyüş ruhunun yaşadılması və gələcəkdə ordu quruculuğunun inkişaf etdirilməsində mühüm rol oynayan Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratdı. Bu məktəbin yaradılması sanki gələcəyə hesablanmış bir siyasi addım idi. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. I və II Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu liseyin yetirmələridir. II Qarabağ müharibəsi sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib. Bütün komponentlərdə düşməni üstələyən Silahlı Qüvvələrimiz düşmən hücumunun qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan ordusunun qüdrətini nümayiş etdirdi.
Ulu Öndərin mədəniyyət, elm və təhsil sahələrinə göstərdiyi diqqət və qayğı milli kimliyin qorunub saxlanılmasında müstəsna rol oynamışdır. O, hər zaman qeyd edirdi ki, yüksək intellektə, elmi biliklərə və milli-mənəvi dəyərlərə sahib gənclik müstəqil dövlətin gələcək zəmanətidir. Bu baxımdan təhsil sisteminin yenidən qurulması, gənclərin xaricdə təhsil alması üçün imkanların yaradılması və elmi potensialın gücləndirilməsi Ulu Öndərin gələcəyə hesablanmış uzaqgörən siyasətinin parlaq təzahürüdür.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycan dövləti möhkəm sütunlar üzərində qərar tutmuş, öz keçmişinə söykənərək gələcəyə inamla irəliləyən sarsılmaz bir qaladır. Onun siyasi irsi, azərbaycançılıq məfkurəsi və dövlətçilik prinsipləri xalqımızın və dövlətimizin əbədi yaşar olmasının, parlaq gələcəyinin və tükənməz gücünün əsas mənbəyidir.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.
Bütün ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin “Vətən birdir və hamı bu vətən uğrunda çalışmalıdır!” fikirləri hər bir Azərbaycan vətəndaşının həyat amalına çevrilib.

Səltənət Möhsünlü – YAP Tərtər Rayon Təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button