
Müasir müharibələr yalnız döyüş meydanında deyil, informasiya məkanında da aparılır. 2020-ci il Vətən müharibəsi bu baxımdan Azərbaycan üçün mühüm təcrübə yaratdı. Cəbrayıl şəhərinin azad edilməsinin Prezident İlham Əliyev tərəfindən xalqa elan olunması dövlətin informasiya siyasətinin mühüm elementlərindən biri idi. Cəmiyyət hərbi proseslər barədə məlumatı birbaşa dövlət rəhbərliyinin açıqlamalarından əldə edirdi.
Müharibə dövründə informasiya axınının idarə olunması milli təhlükəsizlik məsələsi kimi çıxış edir. Döyüşlərin getdiyi ərazilər, hərbi bölmələrin hərəkəti və əməliyyatların detalları ilə bağlı məlumatların yayılması təhlükəsizlik baxımından həssas məsələdir. Buna görə dövlət başçısının çıxışlarında hərbi nəticələrin siyasi baxımdan əhəmiyyətli hissəsinin ictimaiyyətə çatdırılması informasiya siyasətinin əsas elementlərindən birini təşkil edirdi.
Prezident İlham Əliyevin beynəlxalq media qurumlarına verdiyi müsahibələr də Azərbaycanın mövqeyinin xarici auditoriyaya çatdırılmasına xidmət edirdi. Cəbrayılın azadlığı barədə məlumat yalnız Azərbaycan daxilində deyil, beynəlxalq informasiya məkanında da Azərbaycanın hərbi uğurlarından biri kimi yayıldı. Bu, Azərbaycanın öz mövqeyini beynəlxalq ictimaiyyət qarşısında izah etmək imkanlarını genişləndirdi.
Cəbrayılın azadlığı ilə bağlı informasiya siyasətinin başqa bir xüsusiyyəti onun sonrakı quruculuq mərhələsində davam etdirilməsidir. Prezidentin Cəbrayıl səfərləri, yeni layihələrin təqdimatı, yaşayış komplekslərinin açılışı və sakinlərin qayıdışı barədə məlumatlar cəmiyyətə çatdırıldı. Beləliklə, informasiya gündəliyi “azadlıq” mövzusundan “bərpa və qayıdış” mövzusuna keçdi.
Bu baxımdan Cəbrayıl nümunəsində dövlət informasiya siyasətinin iki fərqli mərhələsi görünür: müharibə zamanı əldə olunan nəticələrin operativ təqdimatı və sülh-quruculuq dövründə bərpa prosesinin ictimaiyyətə çatdırılması. Hər iki mərhələnin mərkəzində dövlətin mövqeyinin ardıcıl və rəsmi şəkildə ifadə olunması dayanır.
Aysel Əliyeva,
YAP Nizami rayon təşkilatının “Rüstəm Rüstəmov küçəsi, 56” ərazi partiya təşkilatının sədr müavini



