AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Laos münasibətləri tarixi dostluq və qarşılıqlı hörmətə əsaslanır

2026-cı il oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata bəyanatla çıxış edib. Bəyanatda iki ölkə arasında mövcud siyasi münasibətlərin inkişafı, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanları, təhsil, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub

Prezident İlham Əliyev bəyanatında Azərbaycanla Laos arasında münasibətlərin uzun illər ərzində formalaşdığını və qarşılıqlı dəstək prinsiplərinə əsaslandığını vurğulayıb. İki ölkə arasında diplomatik münasibətlər otuz ildən artıqdır ki, davam edir. Dövlət başçımız parlamentlərarası əlaqələrin də inkişaf etdiyini, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd edib. Eyni zamanda, hakim siyasi partiyalar arasında əməkdaşlığın mövcudluğu Azərbaycan və Laos arasında əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

Bəyanatda diqqət çəkən əsas məsələlərdən biri iqtisadi əlaqələrin mövcud potensialına uyğun şəkildə inkişaf etdirilməsidir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanla Laos arasında siyasi münasibətlər uğurla inkişaf etsə də, hazırkı ticarət dövriyyəsi iki ölkənin imkanlarını tam əks etdirmir. Buna görə də iqtisadi sahədə əməkdaşlığın intensivləşdirilməsi və ticarət əlaqələrinin artırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan–Laos Biznes Forumu sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran layihələrin müzakirəsi və yeni tərəfdaşlıqların qurulması baxımından əhəmiyyətli platforma ola bilər. Azərbaycan tərəfi Laos tərəfindən təqdim ediləcək konkret investisiya layihələrini nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Azərbaycanın xarici ölkələrdə investisiya fəaliyyətinin genişlənməsi də bu əməkdaşlıq üçün əlavə imkanlar yaradır. İnvestisiya layihələri yeni istehsal sahələrinin yaradılmasına, məşğulluğun artırılmasına və iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edə bilər. Energetika, mədən sənayesi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarının müzakirəsi iki ölkə arasında iqtisadi münasibətlərin gələcək inkişafı üçün mühüm istiqamətlər müəyyənləşdirir.

Prezident İlham Əliyevin bəyanatında təhsil sahəsində əməkdaşlıq xüsusi yer tutub. Dövlət başçısı qeyd edib ki, sovet dövründə iki mindən artıq laoslu tələbə Azərbaycanda təhsil alıb. Bu ənənənin bərpa olunması, laoslu gənclərin Azərbaycanda ali təhsil alması üçün təqaüd mexanizmlərinin yaradılması təklif edilib.

Təhsil sahəsində əlaqələrin genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə, elmi və mədəni mübadilənin inkişafına xidmət edə bilər. Gənclərin təhsil və təcrübə mübadiləsi proqramlarında iştirakı gələcəkdə iki ölkə arasında peşəkar əlaqələrin formalaşmasına da şərait yaradacaq.

Prezident İlham Əliyev bəyanatında Azərbaycan və Laosun üzləşdiyi ortaq problemlərdən biri olan mina təhlükəsinə də toxunub. Laosda müharibədən uzun illər keçməsinə baxmayaraq, partlamamış sursatlar insanların həyatı və təhlükəsizliyi üçün ciddi risk olaraq qalır. Azərbaycanda da Ermənistanın işğalı nəticəsində çirklənmiş ərazilərdə mina təhlükəsi aktual məsələlərdəndir.

Dövlət başçısı Azərbaycanın ərazilərində bir milyondan çox minanın basdırıldığını və son beş-altı il ərzində 400-dən artıq azərbaycanlının mina partlayışları nəticəsində həlak olduğunu və ya ağır xəsarətlər aldığını bildirib..

Bəyanatda nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi də mühüm məsələlər sırasında yer alıb. Prezident İlham Əliyev Azərbaycanın əsas nəqliyyat və logistika layihələrinin həyata keçirildiyini, hazırda yeni yük mənbələrinin müəyyənləşdirilməsinə və yükdaşımaların həcminin artırılmasına diqqət yetirildiyini bildirib.

Laosda qonşu ölkələrlə dəmir yolu bağlantılarının inkişaf etdirilməsi istiqamətində görülən işlərin gələcəkdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna çıxış imkanları yarada biləcəyi qeyd olunub. Bu layihələrin tamamlanması iki ölkə arasında yükdaşımaların artmasına və iqtisadi əlaqələrin genişlənməsinə şərait yarada bilər.

İkitərəfli əməkdaşlığın hüquqi əsasları möhkəmləndirilir

Oktyabrın 13-də Azərbaycan və Laos arasında Birgə Bəyanat qəbul edilib, həmçinin bir sıra sənədlər mübadilə olunub. Bu sənədlər arasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Laosun Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair anlaşma memorandumu, eləcə də xidməti pasport sahiblərinin viza tələblərindən qarşılıqlı azad edilməsi haqqında hökumətlərarası saziş yer alıb.

Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə kimi diqqət çəkir. Bəyanatda siyasi dialoqun davam etdirilməsi ilə yanaşı, iqtisadiyyat, ticarət, investisiya, təhsil, kənd təsərrüfatı, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ön plana çəkilib.

Azərbaycan və Laos arasında qəbul edilən Birgə Bəyanat və imzalanan sənədlər qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan konkret addımlardır. Əldə olunmuş razılaşmaların həyata keçirilməsi, biznes dairələri arasında təmasların artırılması və təhsil mübadiləsinin inkişafı ikitərəfli münasibətlərin daha geniş məzmun qazanmasına kömək edə bilər.

Beləliklə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan Respublikasının müxtəlif regionlarla qarşılıqlı faydalı əməkdaşlığın inkişafına verdiyi əhəmiyyəti əks etdirir. Laos Prezidentinin rəsmi səfəri isə iki ölkə arasında mövcud dostluq münasibətlərinin iqtisadi, humanitar və digər istiqamətlər üzrə genişləndirilməsi üçün yeni imkanlar yaradıb.

Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button