AnalitikaGündəmSiyasət

Siyasi münasibətlər qarşılıqlı etimadın möhkəm təməlidir

Müasir dövrdə dövlətlərarası münasibətlərin inkişafı, qarşılıqlı etimadın möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi hər bir ölkənin xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycanın həyata keçirdiyi çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət müxtəlif regionlarla əlaqələrin qurulmasına, dostluq münasibətlərinin möhkəmləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına xidmət edir. Bu baxımdan Azərbaycan ilə Laos Xalq Demokratik Respublikası arasında münasibətlərin inkişafı da xüsusi əhəmiyyət daşıyır.

2026-cı il oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat iki ölkə arasındakı münasibətlərin gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm hadisə oldu. Dövlət başçılarının görüşləri, aparılan müzakirələr, qəbul edilən Birgə Bəyanat və imzalanmış sənədlər Azərbaycan–Laos əməkdaşlığının daha geniş məzmun qazanması üçün yeni imkanlar yaratdı. Bu səfər, ilk növbədə, iki ölkənin mövcud dostluq münasibətlərini möhkəmləndirmək, siyasi dialoqu davam etdirmək və iqtisadi əlaqələri yeni mərhələyə yüksəltmək niyyətinin bariz ifadəsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan ilə Laos arasında siyasi əlaqələrin uzun illər ərzində uğurla inkişaf etdiyini vurğuladı. Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. Həmin vaxtdan etibarən Azərbaycan və Laos beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edib, bir sıra məsələlərdə qarşılıqlı dəstək və həmrəylik nümayiş etdiriblər.

Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri siyasi münasibətlərin mövcud səviyyəsinin iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratması idi. Azərbaycan müxtəlif dövlətlərlə münasibətlərini qarşılıqlı hörmət, suverenliyə ehtiram, bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı fayda prinsipləri əsasında qurur. Laosla əlaqələrin inkişafı da bu yanaşmanın tərkib hissəsidir.

Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri münasibətlərin tarixində əlamətdar mərhələdir. Bu səfər yüksək səviyyəli siyasi dialoqun genişləndirilməsi ilə yanaşı, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və gələcək əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir. Azərbaycan mövcud siyasi əlaqələrin nəticələrdən məmnundur və bu münasibətlərin gələcəkdə daha da dərinləşməsində maraqlıdır. Əsas məqsəd əldə edilmiş siyasi etimadı real əməkdaşlıq layihələrinə çevirmək, tərəfdaşlığın əhatə dairəsini genişləndirmək və qarşılıqlı fayda verən təşəbbüsləri həyata keçirməkdir.

Azərbaycan–Laos münasibətlərinin inkişafında parlamentlərarası əməkdaşlığın da mühüm yeri vardır. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsi əlaqələrin institusional əsaslarının möhkəmləndiyini göstərir. Parlament nümayəndələrinin qarşılıqlı təmasları qanunvericilik sahəsində təcrübə mübadiləsinə, beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın gücləndirilməsinə və ölkələr arasında qarşılıqlı anlaşmanın artırılmasına imkan yaradır. Prezident İlham Əliyev çıxışında parlamentlərarası münasibətlərlə yanaşı, hakim partiyalar arasında əməkdaşlığın da mövcud olduğunu qeyd etdi. Bu istiqamətdə əvvəlki illərdə imzalanmış anlaşma memorandumu siyasi əlaqələrin davamlılığını təmin edən vasitələrdən biridir.

Azərbaycanın xarici siyasətində mühüm yer tutan beynəlxalq əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri Laosla münasibətlərdə də öz əksini tapır. Mövcud siyasi təmasların davam etdirilməsi iki ölkənin gələcəkdə daha geniş sahələr üzrə ortaq təşəbbüslər həyata keçirməsi üçün əlverişli şərait yaradır.

Azər Ağayev,
YAP Tərtər rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button