AnalitikaGündəmSiyasət

Bakı Zirvəsindən Asiyanın Qlobal Gələcəyinə: Sülhün, Təhlükəsizliyin və Əməkdaşlığın Azərbaycan Modeli

Müasir beynəlxalq münasibətlər sistemində sürətlə dəyişən geosiyasi reallıqlar qlobal təhlükəsizlik çağırışları və iqtisadi inteqrasiya meylləri regional təşkilatların rolu və əhəmiyyətini hər zamankından daha qabarıq şəkildə ön plana çıxarır. Bu baxımdan, oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü həm regionun, həm də qlobal diplomatik mühitin diqqət mərkəzində yer alan tarixi bir hadisəyə çevrildi. Paytaxt Bakının növbəti dəfə belə möhtəşəm beynəlxalq platformaya ev sahibliyi etməsi Azərbaycanın dünyada artan nüfuzunun və diplomatik gücünün parlaq təzahürüdür.
​Zirvə Görüşünün açılışında dərin məzmunlu və proqram xarakterli çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq aləmdə ədalətin, sülhün və qarşılıqlı etimadın bərpa olunması zərurətini növbəti dəfə diqqətə çatdırdı. Ölkə rəhbərinin nitqi təkcə regional məsələlərin təhlili ilə məhdudlaşmadı, eyni zamanda Asiya qitəsinin gələcək inkişaf dinamikasını, təhlükəsizlik arxitekturasını və Azərbaycanın bu prosesdəki strateji baxışını əks etdirən aydın bir yol xəritəsi oldu.
Qurumun tarixinə baxsaq,Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Asiya qitəsində sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsinə yönəlmiş çoxtərəfli dialoq platforması kimi təsis olunmuşdur. Qitənin nəhəng coğrafiyasını, fərqli siyasi və iqtisadi sistemlərə malik dövlətlərini bir araya gətirən təşkilat illər ərzində böyük inkişaf yolu keçmişdir. AQEM-in əsas məqsədi hərbi-siyasi, iqtisadi, ekoloji, humanitar və yeni çağırışlar sahəsində etimad tədbirlərinin həyata keçirilməsi vasitəsilə dövlətlərarası əməkdaşlığı dərinləşdirməkdir.
Bu gün AQEM dünya əhalisinin və iqtisadi potensialının əhəmiyyətli hissəsini cəmləşdirən qlobal bir güc mərkəzinə çevrilməkdədir. Beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə söykənən bu platforma müasir dövrün mürəkkəb ziddiyyətlərinin aradan qaldırılmasında mühüm dialoq mexanizmi funksiyasını yerinə yetirir. Təşkilatın ildən-ilə genişlənməsi – 7-ci Zirvə Görüşündə Laos Xalq Demokratik Respublikasının da AQEM-ə tamhüquqlu üzv seçilməsi – onun beynəlxalq cəlbediciliyinin və nüfuzunun bariz sübutudur.
Ölkəmiz 2024-cü ildən etibarən AQEM-ə sədrliyi təşkilatın fəaliyyətinə yeni nəfəs və dinamizm gətirmişdir. Üzv dövlətlərin yekdil dəstəyi ilə Azərbaycanın sədrliyinin daha iki il müddətinə uzadılması ölkəmizin göstərdiyi yüksək təşkilatçılıq kabinetinə və beynəlxalq etimada verilən ən yüksək qiymətdir.
Azərbaycanın sədrliyi dövründə irəli sürülən təşəbbüslər təşkilatın institusional baxımdan möhkəmlənməsinə, üzv ölkələr arasında praktiki əməkdaşlığın genişlənməsinə xidmət etmişdir. Bakı Zirvə Görüşündə qəbul edilən Yekun Bəyannamə Azərbaycan sədrliyinin məhsuldar fəaliyyətinin və regional həmrəyliyin gücləndirilməsi istiqamətində əldə olunmuş mühüm nəticələrin təsbitidir. Ölkəmiz öz sədrliyi çərçivəsində təkcə siyasi dialoqu deyil, həm də iqtisadi-ticari əlaqələrin, nəqliyyat-koridor layihələrinin və ekoloji təşəbbüslərin irəlilədilməsini ön plana çəkmişdir.
Prezident İlham Əliyev 7-ci Zirvə Görüşündəki nitqində beynəlxalq münasibətlərin aktual problemlərinə toxunaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin olmamasını qlobal ədalətsizliyin kökü kimi qiymətləndirdi. Dövlətimizin başçısı vurğuladı ki, təcavüzkarın cəzasız qalması yeni münaqişələrə zəmin yaradır.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən və öz gücü ilə beynəlxalq hüququ, ərazi bütövlüyünü bərpa etməsindən bəhs edən Prezident İlham Əliyev xalqımızın mənəvi aliliyini xüsusi qeyd etdi. Azərbaycan işğala, dağıntılara və soyqırıma məruz qalmasına baxmayaraq, qisasını yalnız döyüş meydanında almış, qalib gəldikdən sonra isə qarşı tərəfə ədalətli sülh təklif etmişdir. Dövlət başçısı qeyd etdi ki, hazırda bölgədə əldə olunan sülh hələ də kövrəkdir və onun qorunub möhkəmləndirilməsi üçün beynəlxalq birliyin konstruktiv mövqeyi vacibdir.
Cənab Prezidentin də bildirdiyi kimi ” Biz müharibədə qalib gəldik işğalçıları qovduq, ancaq 30 illik soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz qisasımızı döyüş meydanında aldıq və Ermənistana sülh təklif etdik. Bütün bunlar xalqımızın yüksək mənəvi göstəricilərinin bariz göstəricisidir.”
Ümumiyyətlə, ölkəmizin Asiya ölkələri ilə münasibətləri ikitərəfli və çoxtərəfli müstəvidə yüksələn xətt üzrə inkişaf edir. Ölkəmiz Avropa ilə Asiyanın qovuşduğu strateji məkanda yerləşərək Şərq-Qərb və Şimal-Cənub nəqliyyat koridorlarının mühüm qovşağına çevrilmişdir. Çin, Mərkəzi Asiya dövlətləri, Körfəz ölkələri və Cənubi Asiya xalqları ilə qurulan dostluq və tərəfdaşlıq münasibətləri iqtisadiyyat, energetika, logistika, rəqəmsallaşma və mədəniyyət sahələrində böyük imkanlar açır. Xüsusilə, Orta Dəhliz vasitəsilə Asiya və Avropa arasında yükdaşımaların sürətlənməsi və təhlükəsizliyin artırılması, ənənəvi enerji resurslarının ixracı ilə yanaşı, Asiya ölkələrindən cəlb edilən investisiyalar hesabına bərpa olunan enerji layihələrinin gerçəkləşdirilməsi, o cümlədən AQEM, ŞƏT və digər platformalarda suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstək və tarixi İpək Yolu ənənələrinin bərpası, təhsil, turizm və xalqlararası təmasların instansivləşdirilməsi bu ikitərəfli və çoxtərəfli əməkdaşlığın əsasını təşkil edir.
Müasir Azərbaycanın xarici siyasət uğurları, beynəlxalq miqyasda qazandığı yüksək nüfuz birbaşa Prezident İlham Əliyevin uzaqgörən strateji kursu, qətiyyətli liderliyi və çevik diplomatiyası ilə bağlıdır.Dövlətimizin başçısının milli maraqlara söykənən müstəqil xarici siyasəti Azərbaycanı təkcə regional güc mərkəzinə deyil, həm də qlobal qərarların qəbul olunduğu mühüm diplomatik gücə çevirmişdir.
Prezident İlham Əliyev AQEM platformasında da inklüziv dialoqun, bərabərhüquqlu tərəfdaşlığın və beynəlxalq ədalətin fəal müdafiəçisi kimi çıxış edir. Onun rəhbərliyi ilə Azərbaycan Qoşulmama Hərəkatına uğurlu sədrliyindən sonra AQEM-də də eyni yüksək liderlik keyfiyyətlərini sergiləyir.
​Nəticə etibarilə, Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşü bir daha göstərdi ki, Azərbaycan regional sülhün, təhlükəsizliyin və əməkdaşlığın aparıcı qüvvəsidir. İlham Əliyevin liderliyi ilə ölkəmiz Asiya qitəsində etimad mühitinin güclənməsinə, dövlətlərarası inteqrasiyanın dərinləşməsinə və daha ədalətli dünya nizamının bərqərar olmasına misilsiz töhfələr verməkdə davam edir.

Sabir Məmmədli,
YAP Yasamal rayon “S.Əsgərova küç 85” ünvanı (ƏƏSMN) üzrə ərazi partiya təşkilatının fəal üzvü.

Oxşar Xəbərlər

Back to top button