AnalitikaGündəmSiyasət

Tarixi Zəfər və Böyük Qayıdışın təntənəsi

Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun əhalisi doğma yurdlarını tərk etməyə məcbur olmuş, minlərlə insan məcburi köçkün həyatı yaşamağa başlamışdır. Yaşayış evlərinə, təsərrüfatlara, sosial obyektlərə və tarixi-mədəni abidələrə ciddi ziyan dəymişdir. İnsanlar doğma evlərindən, torpaqlarından və illərlə qurduqları həyatlarından ayrı düşsələr də, Zəngilana qayıtmaq ümidini itirməmişlər. Azərbaycanın qədim və dilbər guşələrindən biri olan Zəngilan rayonu zəngin tarixi, gözəl təbiəti və strateji coğrafi mövqeyi ilə seçilir. Araz çayının sahilində yerləşən bu diyar xalqımızın milli-mənəvi dəyərlərinin, tarixi irsinin və mədəniyyətinin mühüm tərkib hissəsidir. Zəngilan həm də uzun illər işğalın ağrı-acısını yaşamış, lakin azadlıq ümidini heç vaxt itirməmiş torpaqlarımızdandır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda tarixi mərhələ oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək işğal altında olan ərazilərimizi azad etməyə başladı. Döyüş meydanında qazanılan uğurlar xalqımızın birliyini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya göstərdi. Bu qələbə uzun illər doğma torpaqlarından ayrı düşmüş zəngilanlıların qayıdışına ümidləri daha da artırdı. Zəngilanın azadlığı hərbi-strateji baxımdan da mühüm əhəmiyyət daşıyırdı. Bu hadisə Azərbaycanın cənub-qərb bölgəsində mövqelərinin möhkəmlənməsinə, gələcək nəqliyyat və iqtisadi əlaqələrin inkişafına yeni imkanlar yaratdı.
Zəngilanın azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri dağıdılmış ərazilərin bərpası, müasir infrastrukturun yaradılması və əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi oldu. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başladı. Zəngilanda avtomobil yollarının çəkilməsi, yaşayış məntəqələrinin yenidən qurulması, enerji və kommunikasiya sistemlərinin yaradılması, sosial obyektlərin inşası istiqamətində mühüm layihələr həyata keçirildi.
Prezident İlham Əliyevin Zəngilana səfərləri rayonun inkişafında xüsusi əhəmiyyət daşıyır. 2021-ci il oktyabrın 26-da Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun təməli qoyuldu. Həmin səfər zamanı “Dost Aqropark” layihəsinin təməli qoyuldu və “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq keçirildi. Bu layihələr bölgənin nəqliyyat imkanlarının genişləndirilməsinə, kənd təsərrüfatının inkişafına və yeni iş yerlərinin yaradılmasına xidmət edir. 2022-ci il mayın 27-də dövlət başçısı Zəngilana səfəri zamanı avtomobil yolunun tikintisi, Zəngilan Beynəlxalq Hava Limanının inşası, şəhər məscidinin tikintisi və intensiv meyvə bağlarının salınması ilə bağlı işlərlə tanış oldu. Həmçinin Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılış mərasimində iştirak etdi. Zəngilan Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də istifadəyə verilməsi rayonun inkişafında mühüm hadisə oldu. Hava limanı bölgənin nəqliyyat əlçatanlığını artırır, turizmin inkişafı, iqtisadi əlaqələrin genişlənməsi və gələcək investisiyaların cəlb olunması üçün imkanlar yaradır. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu isə regionun nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi müasir yaşayış modelinin yaradılmasının uğurlu nümunələrindəndir. Müasir texnologiyaların tətbiqi, kənd təsərrüfatının inkişafı və yeni məşğulluq imkanlarının yaradılması layihənin əsas istiqamətlərindəndir.
Böyük Qayıdışın əsas məqsədi keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməkdir. Zəngilanda yaradılan yeni infrastruktur bu məqsədlərin həyata keçirilməsinə xidmət edir. Rayonun təbii sərvətləri, münbit torpaqları və əlverişli coğrafi mövqeyi kənd təsərrüfatı, bağçılıq, turizm və digər iqtisadi sahələrin inkişafı üçün geniş imkanlar yaradır. Yeni müəssisələrin yaradılması və iqtisadi fəallığın artırılması Zəngilanın gələcək inkişafına mühüm töhfə verə bilər. Zəngilanın yenidən qurulması yalnız yolların və binaların inşası ilə məhdudlaşmır. Tarixi və dini abidələrin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması da bu prosesin mühüm istiqamətlərindəndir. Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidində aparılan bərpa işləri mədəni irsimizin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Zəngilanın dirçəlişi Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq siyasətinin ayrılmaz hissəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilanda aparılan quruculuq işləri doğma torpaqlarda yeni həyatın formalaşmasına şərait yaradır. Müasir infrastruktur, yeni yaşayış məntəqələri, məktəblər, nəqliyyat layihələri və iqtisadi təşəbbüslər rayonun gələcək inkişafı üçün möhkəm təməl yaradır. Zəngilan bu gün keçmişin ağrılarından gələcəyin ümidlərinə doğru inamla addımlayır. Doğma yurda qayıdan insanların sevinci, məktəblərdə uşaqların səsi və yeni qurulan evlər şəhərin dirçəlişinin ən gözəl göstəriciləridir. Zəngilan bundan sonra da inkişaf edəcək, Azərbaycanın iqtisadi və mədəni həyatında mühüm yer tutacaqdır.

Azər Ağayev,
YAP Tərtər rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button