AnalitikaGündəmSiyasət

25 OKTYABR — QUBADLI ŞƏHƏRİ GÜNÜ

Bəzən bir tarix yalnız təqvimdəki gün deyil, bir xalqın illərlə ürəyində yaşatdığı həsrətin sona çatdığı, ümidlərinin yenidən doğulduğu gündür

25 Oktyabr — Azərbaycanın qəhrəmanlıq salnaməsində xüsusi yeri olan, azadlığın, qayıdışın və milli qürurun rəmzinə çevrilən Qubadlı Şəhəri Günüdür

Azərbaycanın cənub-qərbində yerləşən Qubadlı zəngin tarixi, füsunkar təbiəti, qədim mədəniyyət nümunələri və özünəməxsus gözəlliyi ilə seçilən torpaqlarımızdandır. Zəngəzur dağları ilə Qarabağ silsiləsi arasında yerləşən rayonun ərazisi 802 kvadratkilometrdir. Həkəri və Bərgüşad çaylarının əhatəsindəki bu diyarın hər guşəsi öz təbiəti, tarixi və insanlarının doğma yurda bağlılığı ilə seçilir. Qubadlıda qeydə alınmış Xırman yeri yaşayış məskəni, Koroğlu qalası, Qalaça və Maltəpəsi kimi tarixi abidələr bu torpağın qədim keçmişindən xəbər verir.

Lakin Qubadlının tarixi yalnız onun gözəlliklərindən və qədim abidələrindən ibarət deyil. Bu torpaq uzun illər ayrılığın, həsrətin və ağır sınaqların ağrısını yaşayıb. 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qubadlıda insanlar doğma evlərindən didərgin düşdülər. Bir zamanlar uşaqların səsi gələn həyətlər, xatirələrlə dolu küçələr, ata-baba yurdları həsrətin səssiz şahidinə çevrildi. Qubadlı sakinləri illərlə doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşadılar. Onların yaddaşında Qubadlı sadəcə yaşadıqları yer deyil, uşaqlıqları, ailə xatirələri, kökləri və heç vaxt sönməyən bir ümid idi.

25 oktyabr 2020-ci il isə bu həsrətin sonuna aparan tarixi yolun ən mühüm səhifələrindən biri oldu. Vətən müharibəsinin 29-cu günündə Müzəffər Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad etdi. Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı şəhərinin və bir sıra yaşayış məntəqələrinin azad edildiyini elan etdi. Bu xəbər yalnız hərbi qələbənin müjdəsi deyildi — illərlə doğma torpaqlarının yolunu gözləyən insanların qəlbində yenidən ümid işığı yandıran, bütöv bir xalqın sevincinə çevrilən tarixi hadisə idi.

Qubadlının azadlığına aparan yol qəhrəmanlıq, fədakarlıq və böyük iradə tələb edirdi. Bu zəfərin arxasında Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs qanı, yaralanaraq sağlamlığını itirən qazilərimizin əzmi, Azərbaycan əsgərinin cəsarəti və xalqımızın birliyi dayanır. Onların hər biri bu torpağın azadlıq hekayəsinin ayrılmaz hissəsidir. Bu gün Qubadlıdan danışarkən yalnız qələbəmizlə fəxr etmir, həmin qələbənin hansı böyük fədakarlıqlar bahasına qazanıldığını da unutmuruq.

Qubadlı azad edildikdən sonra, 23 dekabr 2020-ci ildə Prezident İlham Əliyev şəhərdə Azərbaycan bayrağını ucaltdı. Üçrəngli bayrağımızın doğma torpaqda dalğalanması suverenliyimizin və tarixi ədalətin bərpasının rəmzinə çevrildi. Həmin bayraq sanki illərlə gözləyən insanlara doğma yurdun yenidən öz sahiblərinə qovuşacağına dair bir vəd idi.

Qubadlının azad olunmasının tarixi əhəmiyyətini əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə hər il 25 oktyabr-Qubadlı Şəhəri Günü kimi təsis edildi. Beləliklə, bu tarix xalqımızın yaddaşında azadlığın, milli birliyin və Zəfərin rəmzi olaraq rəsmiləşdi.

Bu gün Qubadlıya baxarkən onun keçmişindəki ağrını da, azadlığındakı sevinci də, gələcəyindəki ümidi də görürük. Qubadlı şəhidlərimizin əmanəti, qazilərimizin qəhrəmanlığının nişanəsi, xalqımızın əyilməz iradəsinin və Vətən sevgisinin təcəssümüdür.

Qubadlının hər daşı, hər dağı, hər küçəsi daim azadlığın nəfəsini duysun! Doğma yurdlarına qovuşmağı gözləyən hər bir insanın arzusu gerçəkləşsin, bu torpaqlarda həyat, sevinc və quruculuq səsi daim ucalansın.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Qazilərimizə dərin minnətdarlığımızı bildirir, Qubadlımıza firavanlıq, inkişaf və əbədi sülh arzulayırıq!

Günəş Xəlilova,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button