GündəmAnalitikaSiyasət

Qubadlı Zəfəri Azərbaycanın güclü dövlətçilik modelinin təntənəsidir

Qubadlı şəhərinin 2020-ci il oktyabrın 25-də işğaldan azad olunması Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə kimi yadda qalıb. Bu qələbə ölkəmizin ərazi bütövlüyünün bərpasına aparan yolda ciddi irəliləyiş olmaqla yanaşı, xalqımızın milli iradəsini və dövlətimizin gücünü nümayiş etdirdi. Qubadlı uğrunda əldə edilən nəticə Azərbaycanın uzun illər ərzində formalaşdırdığı hərbi, iqtisadi və siyasi potensialın real ifadəsi idi.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və müdafiə qabiliyyətinin artırılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib. İqtisadi inkişafla hərbi gücün paralel şəkildə möhkəmləndirilməsi ölkəmizin qarşıya qoyduğu strateji məqsədlərə çatması üçün mühüm zəmin yaradıb. Vətən müharibəsində əldə olunan uğurlar bu siyasətin nəticələrini aydın şəkildə göstərdi.

Qubadlı əməliyyatı Azərbaycan Ordusunun peşəkarlığının və düzgün hərbi planlaşdırmanın əhəmiyyətini ortaya qoydu. Cəbrayıl və Zəngilan istiqamətlərindəki uğurlardan sonra hərbi bölmələrimizin Qubadlıya doğru irəliləməsi düşmənin müdafiə mövqelərini zəiflətdi. Şəhərin azad olunması Laçın istiqamətində əməliyyat imkanlarını genişləndirdi və sonrakı qələbələr üçün əlverişli şərait yaratdı.

Qubadlı Zəfərinin arxasında Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqımızın həmrəyliyi və dövlətin qətiyyətli mövqeyi dayanırdı. Şəhidlərimizin fədakarlığı və qazilərimizin döyüş yolu milli yaddaşımızın ayrılmaz hissəsidir. Bu qəhrəmanlıq nümunələri gənc nəslə Vətənə sədaqət, dövlətə bağlılıq və milli məsuliyyət hisslərini aşılayır.

Bu gün Qubadlıda aparılan quruculuq işləri dövlətçilik modelimizin yeni mərhələsini əks etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir yaşayış məntəqələri yaradılır, yollar və enerji infrastrukturu qurulur, sosial obyektlər inşa edilir. Qubadlının dirçəlişi Azərbaycanın güclü dövlət olaraq həm qələbə qazanmaq, həm də azad edilmiş ərazilərdə dayanıqlı inkişaf təmin etmək imkanlarını nümayiş etdirir.

Arif Məmmədov,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button