AnalitikaGündəmSiyasət

Azərbaycanın sülh təşəbbüsləri və beynəlxalq əməkdaşlıq

2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək mədəniyyətlərarası və dinlərarası dialoqun əhəmiyyətinə, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və etimadın vacibliyinə, Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüslərinə, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun artmasına dair mühüm fikirlər səsləndirib. Dövlət başçısının çıxışı müasir dünyada sivilizasiyalar arasında anlaşmanın gücləndirilməsi və qlobal problemlərin dialoq yolu ilə həlli baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev vurğulayıb ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ötən illər ərzində mədəniyyətlərarası münasibətlərin və qlobal gündəlikdə duran mühüm məsələlərin müzakirəsi üçün ən səmərəli beynəlxalq platformalardan birinə çevrilib. 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan bu forum müxtəlif ölkələri, beynəlxalq təşkilatları və fərqli mədəniyyətləri təmsil edən insanları bir araya gətirərək qarşılıqlı anlaşmanın inkişafına mühüm töhfə verir. VII Forumda 100-dən artıq ölkədən 2000-dən çox iştirakçının qeydiyyatdan keçməsi tədbirin beynəlxalq miqyasını və qlobal əhəmiyyətini bir daha nümayiş etdirir.
Dövlət başçısının çıxışında Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olması xüsusi qeyd edilib. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz əsrlər boyu müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin qarşılıqlı əlaqəsinə şərait yaradıb. Azərbaycanda formalaşmış tolerantlıq ənənələri, multikultural dəyərlər və dini dözümlülük cəmiyyətin mənəvi əsaslarından biri kimi çıxış edir. Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə müxtəlif etnik qrupların və dinlərin nümayəndələri bərabər hüquqlara malikdirlər və vahid ailə kimi yaşayırlar. Bu həmrəyliyin qorunması və inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindəndir
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də müasir dünyada münaqişələrin qarşısının alınması və sülhün təmin olunması məsələsi olub. Dövlət başçısı müharibələrə başlamağın asan, lakin onları başa çatdırmağın son dərəcə çətin olduğunu vurğulayaraq Azərbaycanın təcrübəsinin beynəlxalq münaqişələrin həlli baxımından öyrənilməsinin əhəmiyyətini qeyd edib. Azərbaycanın uzun illər davam edən işğala son qoyması, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkəmizin müasir tarixində mühüm mərhələ təşkil edir.
2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa olunması dövlətimizin beynəlxalq hüquqa əsaslanan mövqeyinin ifadəsi kimi təqdim edilib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan münaqişəyə son qoyduqdan sonra sülh təşəbbüsü ilə çıxış edib. Bu yanaşma uzunmüddətli qarşıdurmaların dayandırılması, regional sabitliyin möhkəmləndirilməsi və gələcək nəsillərin təhlükəsiz şəraitdə yaşaması baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısı beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suverenliyə ehtiram və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinin vacibliyini də diqqətə çatdırıb. Onun fikrincə, ölkələr arasında etimadın möhkəmləndirilməsi, ayrı-seçkiliyə və əsassız üstünlük iddialarına yol verilməməsi beynəlxalq əməkdaşlığın inkişafına, münaqişələrin azalmasına və ortaq problemlərin həllinə şərait yarada bilər. Azərbaycanın müstəqil xarici siyasəti və milli maraqlara əsaslanan mövqeyi bu prinsiplərin həyata keçirilməsinin mühüm nümunəsidir.
Forumda Azərbaycanın beynəlxalq nüfuzunun artması və qlobal təşəbbüslərdə fəal iştirakı da ön plana çəkilib. Prezident İlham Əliyev ölkəmizin müxtəlif beynəlxalq platformalarda oynadığı rola toxunaraq Azərbaycanın gələcəkdə də mühüm tədbirlərə ev sahibliyi edəcəyini bildirib. 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən beynəlxalq etimadın və hörmətin göstəricisi kimi dəyərləndirilib. Eyni zamanda, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində fəaliyyəti və beynəlxalq əməkdaşlıq əlaqələri ölkəmizin regional və qlobal proseslərdə artan rolunu nümayiş etdirir
Prezident İlham Əliyevin çıxışında iqtisadi inkişaf, fəal xarici siyasət, milli-mənəvi dəyərlərə bağlılıq və multikulturalizm Azərbaycanın gələcək inkişafını şərtləndirən mühüm amillər kimi səciyyələndirilib. Dövlət başçısı qeyd edib ki, müstəqillik illərində əldə olunan nailiyyətlər Azərbaycan xalqının zəhməti, qətiyyəti və milli həmrəyliyi nəticəsində mümkün olub. Bu fikirlər ölkəmizin müstəqil inkişaf yoluna sadiqliyini, milli maraqların qorunmasını və beynəlxalq əməkdaşlığa açıq mövqeyini bir daha təsdiqləyir.
Müasir dünyada geosiyasi gərginliklərin, münaqişələrin və qarşılıqlı etimadsızlığın artdığı bir şəraitdə mədəniyyətləra
rası dialoqun əhəmiyyəti daha da yüksəlir. Fərqli xalqların və dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi yalnız mədəni əlaqələrin inkişafına deyil, həm də beynəlxalq təhlükəsizliyin və davamlı sülhün təmin olunmasına xidmət edir. Bu baxımdan Bakı forumu qlobal problemlərin müzakirəsi, ortaq yanaşmaların formalaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkan yaradır.
Beləliklə, Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı Azərbaycanın multikulturalizm ənənələrinə, müstəqil dövlətçilik siyasətinə və sülh təşəbbüslərinə əsaslanan mövqeyini bir daha nümayiş etdirib. “Ortaq gələcək naminə dialoq” mövzusu müxtəlif xalqların və dövlətlərin qarşılıqlı hörmət, bərabərlik və əməkdaşlıq prinsipləri əsasında bir araya gəlməsinin vacibliyini ifadə edir. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər ölkəmizin beynəlxalq dialoq məkanına verdiyi töhfəni artırmaqla yanaşı, daha təhlükəsiz, ədalətli və sülhsevər dünyanın qurulmasına xidmət edir.

 

Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri

 

Oxşar Xəbərlər

Back to top button