
Beynəlxalq münasibətlərdə artan ziddiyyətlər, regional münaqişələr və təhlükəsizlik təhdidləri sülhün, qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsini zəruri edir. Belə bir şəraitdə mədəniyyətlərarası dialoq xalqlar arasında anlaşmanın gücləndirilməsi, fərqliliklərə hörmətin təşviqi və ortaq gələcəyin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Əsrlər boyu multikulturalizm, dini və etnik dözümlülük ənənələrini yaşadan Azərbaycan bu gün həmin dəyərləri dövlət siyasətinin mühüm istiqamətinə çevirərək beynəlxalq dialoqun inkişafına töhfə verir. 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da ölkəmizin bu sahədəki təşəbbüslərinin və beynəlxalq nüfuzunun növbəti təzahürü olmuşdur.
Prezidentin çıxışının əsas məntiqi ondan ibarət idi ki, beynəlxalq dialoq qarşılıqlı hörmətə, bərabərhüquqlu münasibətlərə və ədalət prinsiplərinə əsaslanmalıdır. Əks halda, dialoq real əməkdaşlıq vasitəsinə deyil, siyasi bəyanatlar səviyyəsində qalan formal prosesə çevrilə bilər. Dövlət başçısının xüsusi diqqət yetirdiyi məsələlərdən biri Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsi oldu. Dövlətimizin başçısının sözlərinə görə, Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri məhz cəmiyyətimizdəki ahəngdarlıqdır. Bu yanaşmanın siyasi və ictimai əhəmiyyəti böyükdür. Çünki müasir dünyada bir sıra ölkələr etnik, dini və mədəni fərqliliklərdən qaynaqlanan ziddiyyətlərlə üzləşdiyi halda, Azərbaycan müxtəlifliyin vahid milli kimlik daxilində birləşə biləcəyini nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında müstəqillik illərində Azərbaycanın qazandığı nailiyyətlərə, ölkəmizin iqtisadi potensialına və beynəlxalq münasibətlər sistemində artan roluna da diqqət yetirib. Azərbaycan müstəqil xarici siyasət yürüdərək müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan əlaqələr qurur, regional və beynəlxalq təşəbbüslərdə fəal iştirak edir. Azərbaycanın enerji təhlükəsizliyində, nəqliyyat və logistika əlaqələrinin inkişafında oynadığı rol onun regional əhəmiyyətini artırır. Müasir infrastruktur, əlverişli coğrafi mövqe və qonşu ölkələrlə əlaqələrin inkişafı ölkəmizin beynəlxalq nəqliyyat marşrutlarında mövqeyini möhkəmləndirir. Azərbaycanın beynəlxalq nüfuzunu yalnız iqtisadi göstəricilərlə ölçmək düzgün olmazdı. Ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi töhfə, müxtəlif beynəlxalq platformalara ev sahibliyi etməsi və sülh təşəbbüsləri də bu nüfuzun mühüm tərkib hissəsidir.
Beləliklə, VII Ümumdünya MədəniyyətlərarasıDialoq Forumu və Prezident İlham Əliyevin çıxışı Azərbaycanın sülhə, ədalətə, beynəlxalq hüququn aliliyinə və mədəni müxtəlifliyə hörmətə əsaslanan siyasətini bir daha nümayiş etdirmişdir. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, iqtisadi müstəqilliyini möhkəmləndirmiş Azərbaycan bu gün yalnız regional inkişafın deyil, həm də qlobal dialoq və əməkdaşlığın fəal iştirakçısıdır.
Fazil Məhəmmədov,
Pirallahı Rayon Ağsaqqallar Şurasının üzvü



