
27-29 oktyabr 2026-cı il tarixlərində Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açılış mərasimində iştirak edib. Cənab prezidentin iştirakı və geniş məzmunlu çıxışı tədbirin siyasi, ictimai və beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirdi. “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan Forum 100-dən çox ölkədən 2000-dən artıq iştirakçını bir araya gətirib. Onların arasında 500-dən çox xarici qonağın olması tədbirin beynəlxalq əhatə dairəsini və müxtəlif ölkələrin bu platformaya marağını göstərir.
Dövlət başçısı çıxışında Forumun ötən 15 il ərzində keçdiyi inkişaf yoluna nəzər salaraq, onun mədəniyyətlərarası münasibətlərin müzakirəsi və qlobal gündəlikdəki aktual məsələlərin həlli baxımından səmərəli və əhatəli platformalardan birinə çevrildiyini vurğulayıb. Cənab Prezident İlham Əliyev 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə keçirilən ilk Forumdan ötən dövr ərzində dünyada çoxsaylı dəyişikliklərin baş verdiyini qeyd edərək, bu təşəbbüsə dəstək göstərən beynəlxalq tərəfdaşlara, xüsusilə BMT-nin Sivilizasiyalar Alyansına minnətdarlığını bildirib. Bu fakt Azərbaycanın mədəniyyətlərarası dialoq istiqamətində fəaliyyətinin təsadüfi və epizodik xarakter daşımadığını, uzunmüddətli və ardıcıl siyasətə əsaslandığını göstərir. Bakıda keçirilən Forumlar artıq ayrı-ayrı ölkələrin mədəniyyət sahəsində təcrübə mübadiləsi aparması ilə məhdudlaşmır. Bu platforma beynəlxalq təhlükəsizlik, sülh, tolerantlıq, dini dözümlülük, humanitar əməkdaşlıq və qlobal problemlərin həlli kimi geniş məsələlərin müzakirəsinə imkan yaradır.
Dövlət başçısı çıxışında Azərbaycanın müstəqillik dövründə əldə etdiyi iqtisadi və siyasi nailiyyətlərə də toxunub. Qeyd edib ki, ölkənin inkişafı Azərbaycan xalqının öz zəhməti hesabına təmin olunub. Müstəqilliyin ilk illərində qarşıya çıxan çətinliklərə, işğal və iqtisadi problemlərə baxmayaraq, Azərbaycan inkişaf və tərəqqi yolunda mühüm nəticələr əldə edib. Bu gün Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi potensialı və fəal xarici siyasəti ölkənin regional və qlobal proseslərdə rolunu artıran əsas amillərdir. Xüsusilə enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən layihələr Azərbaycanın strateji əhəmiyyətini daha da yüksəldir. Ölkə başçısı Azərbaycanın qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edildiyini qeyd edib. Bu fikir ölkəmizin coğrafi mövqeyi ilə yanaşı, qonşu dövlətlərlə münasibətlərinin, regional əməkdaşlıq təşəbbüslərinin və beynəlxalq tərəfdaşlıqlarının əhəmiyyətini də ifadə edir. Dövlət başçısı Azərbaycan ilə Çin arasında 2025-ci ilin aprelində imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannaməni, həmin ilin avqustunda ABŞ ilə imzalanmış Strateji Xartiyanı xatırladıb. Eyni zamanda, Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq bəyannamələrinin və ya sazişlərinin mövcudluğuna diqqət çəkib. Bu faktlar Azərbaycanın xarici siyasətində çoxşaxəli əməkdaşlıq xəttinin mühüm yer tutduğunu göstərir. Müxtəlif güc mərkəzləri və beynəlxalq tərəfdaşlarla münasibətlərin inkişaf etdirilməsi ölkənin iqtisadi, siyasi və humanitar əlaqələrinin genişləndirilməsinə imkan yaradır. Azərbaycanın nəqliyyat bağlantılarının inkişafındakı rolu da Prezidentin çıxışında xüsusi qeyd olunub. Ölkəmizin coğrafi mövqeyi, müasir infrastrukturu, enerji və nəqliyyat sahələrinə yatırılan sərmayələr onu beynəlxalq tranzit sisteminin mühüm iştirakçılarından birinə çevirir. Bununla yanaşı, regional əməkdaşlığın inkişafı üçün qonşu dövlətlərlə və daha geniş coğrafiyada yerləşən tərəfdaşlarla qarşılıqlı münasibətlərin əhəmiyyəti vurğulanıb.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı çıxışı bir sıra mühüm məsələləri əhatə etməklə yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini, tarixi-mədəni irsini, müstəqil inkişaf yolunu və gələcəyə yönəlmiş əməkdaşlıq prioritetlərini də əks etdirib. Çıxışda səsləndirilən fikirlərdən aydın olur ki, müasir dünyanın qarşılaşdığı problemlərin həlli üçün dialoq, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan əməkdaşlıq mühüm şərtlərdir. Müxtəlif mədəniyyətlərin və sivilizasiyaların bir-birini anlamağa çalışması, dövlətlərin suverenliyinə hörmət etməsi və ortaq maraqlar ətrafında birləşməsi daha sabit beynəlxalq mühitin formalaşmasına xidmət edə bilər. Azərbaycanın bu istiqamətdəki fəaliyyəti həm tarixi ənənələrə, həm də müasir dövlət siyasətinin prioritetlərinə əsaslanır. “Bakı Prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin beynəlxalq humanitar əməkdaşlığa verdiyi töhfələrin mühüm nümunələridir. Bakıda keçirilən VII Forum bir daha göstərdi ki, mədəniyyətlərarası dialoq yalnız fərqli xalqların bir araya gəlməsi deyil, həm də onların ortaq gələcək naminə məsuliyyət paylaşmasıdır. Bu baxımdan Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbir qlobal əməkdaşlığın genişləndirilməsi, sülh və qarşılıqlı anlaşma ideyalarının təşviqi üçün mühüm platforma kimi çıxış edir.
Nəticə etibarilə, cənab Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın multikulturalizm ənənələrini, müstəqil dövlətçilik mövqeyini və beynəlxalq əməkdaşlıq təşəbbüslərini bir arada təqdim edən geniş məzmunlu çıxış kimi yadda qaldı. Bu çıxışın əsas mesajı isə ondan ibarətdir ki, fərqliliklər qarşıdurma mənbəyinə deyil, qarşılıqlı zənginləşmə və əməkdaşlıq imkanına çevrilməlidir. Çünki ortaq gələcəyin qurulması üçün dialoqdan daha etibarlı yol yoxdur.
Nigar Abdullayeva,
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu
Üzrə ərazi partiya təşkilatının sədr müavini



