AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı

2026-cı il oktyabrın 27-də Bakı şəhərində “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək çıxış etmişdir. Forumda 100-dən artıq ölkədən 2000-dən çox iştirakçı və 500-dən artıq xarici qonaq qeydiyyatdan keçmişdir. Dövlət başçısı bu göstəricilərin Forumun ötən 15 il ərzində beynəlxalq səviyyədə mühüm və səmərəli dialoq platformasına çevrildiyini nümayiş etdirdiyini bildirmişdir.

Prezident İlham Əliyev çıxışında Forumun 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə təşkil olunduğunu xatırlatmış, bu təşəbbüsə dəstək göstərən tərəfdaşlara, xüsusilə BMT-nin Sivilizasiyalar Alyansına təşəkkürünü bildirmişdir. Qeyd edilmişdir ki, mədəniyyətlərarası və dinlərarası münasibətlərin inkişafı, qlobal gündəlikdə duran aktual məsələlərin müzakirəsi Forumun əsas istiqamətlərindəndir.
Dövlət başçısı Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olduğunu vurğulamışdır. Avropa ilə Asiya arasında yerləşən ölkəmizin əsrlər boyu bu iki qitə arasında mədəniyyət körpüsü rolunu oynadığı diqqətə çatdırılmışdır. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük Azərbaycan xalqının tarixən yaşatdığı fundamental dəyərlər kimi səciyyələndirilmişdir. Prezident bildirmişdir ki, ölkəmizin sabit və uğurlu inkişafının əsas amillərindən biri cəmiyyətdə mövcud olan həmrəylik, qarşılıqlı hörmət və anlaşmadır. Konstitusiyaya uyğun olaraq bütün etnik və dini qrupların bərabər hüquqlara malik olması və vahid ailə kimi yaşaması Azərbaycan cəmiyyətinin mühüm xüsusiyyətlərindəndir.
Çıxışda azərbaycançılıq ideologiyasının milli birliyin təmin olunmasındakı roluna xüsusi diqqət yetirilmişdir. Prezident İlham Əliyev Azərbaycanın müstəqillik tarixinin ən çətin dövrlərində xalqımızın nümayiş etdirdiyi həmrəyliyi vurğulamışdır. Ermənistanın hərbi təcavüzü və işğalı, eləcə də İkinci Qarabağ müharibəsi zamanı müxtəlif etnik və dini qrupların nümayəndələrinin vahid amal uğrunda birləşməsi milli birliyin bariz nümunəsi kimi qeyd edilmişdir.
Dövlət başçısı Azərbaycanın müstəqilliyinin bərpasından sonra keçdiyi inkişaf yoluna da toxunmuşdur. Bildirilmişdir ki, müstəqillik illərində ölkəmiz milli dəyərlərini, dilini, ənənələrini və həyat tərzini qoruyub saxlamaqla yanaşı, dövlətçilik ənənələrini də gücləndirmişdir. Prezident müstəqilliyin qorunması, milli kimliyin və dövlətçiliyin möhkəmləndirilməsinin strateji əhəmiyyətini vurğulamış, ideoloji risklərin fiziki təhlükələr qədər ciddi olduğunu diqqətə çatdırmışdır.
Çıxışın mühüm istiqamətlərindən biri Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və onun nəticələri olmuşdur. Prezident uzun illər davam edən danışıqlar prosesinin nəticəsiz qaldığını, münaqişənin həllindən daha çox dondurulmasına yönəldiyini bildirmişdir. Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş özünümüdafiə hüququndan, o cümlədən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edərək ərazi bütövlüyünün bərpası istiqamətində addımlar atdığı qeyd edilmişdir.
Prezident İlham Əliyev 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsinin və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələndiyini bildirmişdir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrin uzun illər icra olunmadığını vurğulamışdır. Dövlət başçısı beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsi üçün effektiv mexanizmlərin yaradılmasının vacibliyini xüsusi qeyd etmişdir.
Müharibədən sonrakı dövrdə Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etməsi də Prezidentin nitqində mühüm yer tutmuşdur. Dövlət başçısı Azərbaycanın Ermənistanla sülh sazişinin təşəbbüskarı olduğunu, qisas siyasəti yürütmək niyyətində olmadığını və münaqişənin davam etdirilməsini istəmədiyini bildirmişdir. O, müharibəyə başlamağın asan, lakin onu başa çatdırmağın olduqca çətin olduğunu qeyd edərək Azərbaycanın təcrübəsinin digər münaqişələrin həlli baxımından öyrənilməsinin əhəmiyyətini vurğulamışdır.
Beynəlxalq münasibətlər sistemində ikili standartlar məsələsinə toxunan Prezident dövlətlərin suverenliyinə, müstəqilliyinə və daxili işlərinə qarışmamaq prinsipinə hörmət edilməsinin zəruriliyini bildirmişdir. Qeyd olunmuşdur ki, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinin qorunması münaqişələrin və problemlərin sayının azalmasına, dövlətlər arasında əməkdaşlığın genişlənməsinə xidmət edə bilər.
Dövlət başçısı Azərbaycanın iqtisadi inkişafı, xarici siyasəti, enerji və nəqliyyat sahələrindəki mövqeyi barədə də məlumat vermişdir. Ölkəmizin müstəqil siyasəti, regional və beynəlxalq təşəbbüsləri, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığı Azərbaycanın beynəlxalq nüfuzunun artmasına şərait yaradan əsas amillər kimi qeyd edilmişdir. Prezident Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi edəcəyini bildirmişdir. Həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə Azərbaycanın sədrliyinin daha iki il uzadılması və ölkəmizin Mərkəzi Asiya Məşvərət Formatına tamhüquqlu üzv kimi dəvət olunması beynəlxalq əməkdaşlığın mühüm göstəriciləri kimi diqqətə çatdırılmışdır.
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın multikulturalizm, tolerantlıq, beynəlxalq əməkdaşlıq və sülh təşəbbüslərinə verdiyi əhəmiyyəti bir daha nümayiş etdirmişdir. Çıxışdan irəli gələn əsas nəticə ondan ibarətdir ki, müasir beynəlxalq münasibətlər sistemində dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması dövlətlərin suverenliyinə hörmət, beynəlxalq hüququn prinsiplərinə riayət, qarşılıqlı etimad və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi ilə sıx bağlıdır. Azərbaycan bu istiqamətdə həyata keçirdiyi siyasət və beynəlxalq təşəbbüslərlə qlobal dialoqun inkişafına töhfə verməkdədir.

 

Şərifli Sübhan,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button