
Azərbaycan tarixininə qızıl hərflərlə yazılmış 8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın illərdir həsrətində olduğu ədalətin, milli qürurun və haqq Qələbəsinin təntənəsidir. Hər il bu günü qeyd edərkən sadəcə bir şəhərin azad olunmasını deyil, bütün Azərbaycan xalqının mənəvi bütövlüyünün və sarsılmaz iradəsinin bərpasını bayram edirik. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa otuz ilə yaxın işğal altında qalsa da, ruhunu, doğma dilini və azərbaycançılıq simasını hər zaman qoruyub saxlaya bildi. 2020-ci ilin payızında müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatı zamanı Şuşanın azad edilməsi Vətən müharibəsinin həlledici dönüş nöqtəsi oldu. Xüsusilə əsgərlərimizin heç bir ağır texnikadan istifadə etməzək, sıldırımlı qayaları dırmanıb əlbəyaxa döyüşlərlə şəhəri düşməndən təmizləməsi dünya hərb tarixinə düşən bənzərsiz bir qəhrəmanlıq dastanına çevrildi. Şuşanın azad edilməsi xəbəri xalqımıza elan olunan kimi hər kəsin küçələrə axışması, göz yaşları və sevinc nərələri hamımızın yaddaşına əbədi həkk olundu. Bu gün Şuşa artıq xarabalqdan qurtulub, sürətli dirçəliş dövrünü yaşayır, əzəli simasını qaytararaq yenidən doğma sakinlərini və qonaqlarını qucaq açır. “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri və digər mötəbər tədbirlər qədim şəhərimizdə mədəni həyatın yenidən əvvəlki şöhrətilə canlandığını bütün dünyaya nümayiş etdirir. Şuşa ili elan olunan dövrdən bəri görülən bərpa-quruculuq işləri, yeni infrastruktur layihələri, tarixi abidələrin bərpası bu torpaqların əsl sahiblərinə qayıtdığını bir daha sübut edir. 8 Noyabr sadəcə təqvimdəki qırmızı rəqəm deyil; o, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına qazanılan zəfərin, gələcək nəsillərə ötürüləcək ən böyük qürur mənbəyidir. Biz tələbələr və gənclər olaraq bu tarixi heç vaxt unutmamalı, Şuşanın və bütün azad edilmiş torpaqlarımızın qorunmasında, onların tanıdılmasında öz üzərimizə düşən məsuliyyəti dərk etməli və üzərimizə düşən vəzifələri vicdanla yerinə yetirməliyik. Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur və bu həqiqət hər zaman bizim üçün əsas amal olaraq qalmalıdır.
Yaqut Əhmədli,
YAP Yasamal rayon təşkilatının fəal gənci



