
2020-ci il sentyabr ayının 27-də başlanmış 44 günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu. 2020-ci il noyabr ayının 8-də Şuşa şəhərinin azad edilməsi müharibənin gedişində həlledici rol oynadı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşanın azad edilməsi xəbərini elan etdi. Ölkə Başçısı İlham Əliyev həmin günün tarixi əhəmiyyətini dəyərləndirərək, 2020-ci il dekabrın 3-də Sərəncam imzalayıb,hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilməsinədair göstəriş verdi.
Şuşanın azad edilməsi ölkənin ictimai-siyasi həyatında da mühüm tarixi hadisəyə çevrildi. Qeyd etmək lazımdır ki, Zəfər Gününün mahiyyətini yalnız hərbi qələbə ilə məhdudlaşdırmaq olmaz. Bu tarix Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası istiqamətində apardığı uzunmüddətli siyasi və diplomatik fəaliyyətin, xalqın milli iradəsinin, ordunun döyüş qabiliyyətinin vahid məqsəd ətrafında birləşməsinin tarixi nəticəsi idi.
Bildiyimiz kimi ötən əsrin 90-cı illərinin əvvəllərindən Qarabağ məsələsi Azərbaycan xalqının ən ağrılı problemlərindən birinə çevrilmişdi. Ermənistan-Azərbaycan münaqişəsi fonunda yaranan müharibə Azərbaycan torpaqlarının bir hissəsinin işğal edilməsi, yüz minlərlə insanın doğma yurdlarından didərgin və qaçqın düşməsi, eyni zamanda tarixi və mədəni abidələrin məhv edilməsi ilə nəticələnmişdir.
Bununla əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü ildə 822, 853, 874, 884 saylı qətnamələr qəbul edərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsiplərini təsdiqləmiş və işğal edilmiş ərazilərin geri qaytarılmasını tələb etmişdir. Ancaq buna baxmayaraq uzun illər aparılan danışıqlar səmərə verməmiş, düşmən zəbt etdiyi torpaqları sülh yolu ilə geri qaytarmaqdan imtina etmişdi.
Uzun illər ərzində aparılan nəticəsiz danışıqların sonunda Azərbaycan dövləti bu istiqamətdə apardığı iqtisadi islahatlar, ordu quruculuğu, beynəlxalq münasibətlərin inkişafı, eyni zamanda diplomatik fəaliyyəti ilə sonrakı tarixi hadisələr üçün mühüm şərait yaradır.
Danışıqların heç bir nəticə vermədiyini görən Azərbaycan dövləti 2020-ci ildə sentyabr ayının 27-də Vətən müharibəsinə başlamaq məcburiyyətində qalır. Müharibə zamanı Azərbaycan ordusu müxtəlif istiqamətlərdən hərbi əməliyyatlar apararaq, işğal edilmiş əraziləri azad edərək, irəliləyir. 44 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan ordusunun döyüş hazırlığı, əzmi, müasir hərbi texnologiyalardan istifadə imkanları, həmçinin taktika yanaşmaları və hərbi koordinasiya sistemi diqqət çəkmişdir. Dövlət Başçısı Cənab Prezident İlham Əliyev bu müddətdə paralel olaraq diplomatik, informasiya və ictimai-siyasi müstəvidə də danışıqların aparılmasını həyata keçirir.
Müharibənin gedişində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər ərazilər azad edilmişdir ki, bu da hərbi əməliyyatların gedişində mühüm mərhələ yaratmışdır. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi müharibənin siyasi və hərbi baxımdan həlledici hadisəsinə çevrilir.
Şuşa şəhəri Azərbaycan tarixində, eyni zamanda mədəniyyətində və ictimai düşüncəsində xüsusi mövqeyə malik şəhər olub. Şuşa zaman keçdikcə Azərbaycanın mühüm mədəniyyət, musiqi, ədəbiyyat mərkəzlərindən birinə çevrilmiş, burada yetişmiş sənətkarlar milli musiqi tarixinin formalaşmasınamühüm töhfə vermişlər.
Şuşanın azad edilməsi həm də şəhərin coğrafi mövqeyi, hərbi-strateji əhəmiyyəti və mürəkkəb relyefi baxımından xüsusi əhəmiyyət kəsb edirdi. 2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi də bu şəhərin milli-mədəni irsdəki yerinin dövlət səviyyəsində təsdiqini ifadə etmişdir.
2022-ci ildə Şuşada təşkil edilmiş Zəfər günü tədbirində Prezident İlham Əliyev şəhidlərin xatirəsinə ehtiram göstərilməsini ön plana çəkərək, Şuşanın azad edilməsini Azərbaycan Silahlı Qüvvələrinin tarixində mühüm hadisə kimi təqdim etmişdir.
2023-cü ildə Şuşanın şəhərin Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi onun regional və beynəlxalq mədəniyyət məkanındakı mövqeyini də diqqətə çatdırmışdır.
8 noyabr 2020-ci ildə Prezident İlham Əliyevin Şuşanın azad edilməsini elan etməsi Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Zəfər günü ilə bağlı çıxışında Vətən müharibəsinin nəticələrinin əldə olunmasındaAzərbaycan xalqının birliyini və ordunun fəaliyyətini əsas amillər sırasında göstərir. Ali Baş Komandan İlham Əliyevin çıxışlarının əsas istiqamətlərindən biri də Zəfərin gələcək nəsillər üçün tarixi dərs və milli məsuliyyət mənbəyi olmasıdır. Məhz buna görə də 8 Noyabr Azərbaycan dövlətçiliyinin müasir mərhələsində mühüm tarixi hadisə hesab edilir. Müharibənin nəticələri ölkənin siyasi və hüquqi gündəliyində yeni məsələlərin meydana çıxmasına, azad edilmiş ərazilərin bərpası istiqamətində genişmiqyaslı fəaliyyətin başlanmasına səbəb olmuşdur.
8 Noyabr Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinin nəticəsini ifadə edən tarix kimi dövlətçilik salnaməsində özünəməxsus yer tutur. Vətən müharibəsindən sonrakı dövrdə azad edilmiş ərazilərdə infrastrukturun bərpası, nəqliyyat və kommunikasiya xətlərinin yaradılması, həmçinin əhalinin doğma torpaqlarına geri dönüşü dövlət siyasətinin mühüm istiqamətlərinə çevrilmişdir.
Pərvanə Talıbova,
YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası nəzdində incəsənət gimnaziyasının müəllimi



