
Bayraq bir xalqın yalnız dövlətçilik atributu deyil, onun ruhunun, iradəsinin və mənəvi bütövlüyünün təcəssümüdür. Azərbaycan xalqının üçrəngli bayrağı isə əsrlərin sınağından keçmiş milli kimliyimizin, azadlıq arzumuzun və müstəqillik əzmimizin parlaq ifadəsidir. Bu bayrağın hər rəngi, hər xətti xalqımızın zəngin tarixindən, qədim köklərindən və gələcəyə yönəlmiş ideallarından xəbər verir. 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hər bir azərbaycanlının qəlbində Vətən sevgisi, milli qürur və dövlətə sədaqət hissləri daha da güclənir. Çünki bayrağımız bizi birləşdirən, eyni amal ətrafında səfərbər edən müqəddəs dəyərdir.
1918-ci il noyabrın 9-da qəbul edilmiş üçrəngli bayraq Azərbaycan xalqının müstəqil yaşamaq iradəsinin tarixi təcəssümü idi. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları milli dövlətçiliyimizin əsaslarını yaratmaqla yanaşı, gələcək nəsillərə böyük bir ideoloji miras qoydular. Sovet hakimiyyəti illərində dövlət müstəqilliyimiz itirilsə də, milli bayrağımıza olan sevgi xalqımızın qəlbindən silinmədi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və qətiyyətli mövqeyi ilə üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasında yenidən dövlət rəmzi kimi ucaldıldı. Daha sonra Azərbaycanın müstəqilliyinin bərpası ilə bu müqəddəs bayraq dövlətimizin əsas atributlarından biri kimi öz layiqli yerini tutdu.
Bu gün üçrəngli bayrağımızın ucalığı Azərbaycanın qazandığı tarixi nailiyyətlərlə daha da əzəmətlənir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə xalqımızın gücünü, ordumuzun qüdrətini və milli birliyimizin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə və digər azad edilmiş ərazilərdə dalğalanan bayrağımız illərlə gözlədiyimiz tarixi ədalətin bərpasının rəmzinə çevrildi. Bu mənzərə şəhidlərimizin ruhuna ehtiramın, qazilərimizin fədakarlığına verilən dəyərin və xalqımızın yenilməz iradəsinin təntənəsidir.
Bayrağımızın ətrafında birləşmək, dövlətimizin müstəqilliyini qorumaq və milli maraqlarımızı müdafiə etmək hər bir azərbaycanlının ən ali vəzifəsidir. Xalqımızın birliyi, həmrəyliyi və dövlətinə sədaqəti Azərbaycanın gələcək inkişafının əsas təminatıdır. Üçrəngli bayrağımız gənclərimizə Vətən sevgisini, tariximizə hörməti və milli dəyərlərimizə bağlılığı aşılayan əvəzsiz mənəvi məktəbdir. Bu bayraq altında böyüyən hər bir gənc bilməlidir ki, müstəqillik böyük fədakarlıqlar bahasına əldə edilmiş müqəddəs sərvətdir. Qoy üçrəngli bayrağımız hər zaman yüksəkliklərdə dalğalansın, birliyimizin və qürurumuzun rəmzi olaraq gələcək nəsillərə ötürülsün!
Nigar Əliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı



