AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şəhidlərin müqəddəs əmanəti – azad Vətən

Azərbaycanın tarixi Zəfəri böyük qəhrəmanlıqla yanaşı, ağır itkilər və müqəddəs fədakarlıqlar hesabına qazanılıb. Vətən müharibəsində minlərlə hərbi qulluqçumuz torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı. Onların hər biri müstəqil və suveren Azərbaycanın gələcəyi naminə həyatını fəda etdi. Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin müqəddəs amalının təcəssümüdür.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhidlərin xatirəsinin əbədiləşdirilməsini, onların ailələrinin sosial müdafiəsini və qazilərə dövlət qayğısının göstərilməsini daim diqqət mərkəzində saxlayır. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması, mənzil və məşğulluq proqramlarının həyata keçirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

Azərbaycan Ordusunun hər bir uğurunun arxasında Vətən sevgisi ilə döyüşən insanların fədakarlığı dayanır. Döyüş meydanında yaralanan qazilərimiz göstərdikləri cəsarətlə xalqımızın yaddaşında xüsusi yer tuturlar. Onların qəhrəmanlığı yalnız müharibə dövrünün deyil, sülh və quruculuq mərhələsinin də mənəvi dayağıdır.

Şəhidlərimizin adları ölkəmizin müxtəlif bölgələrində ucaldılan abidələrdə, memorial komplekslərdə və təhsil müəssisələrində əbədiləşdirilir. Gənc nəslə onların həyat yolu, döyüş şücaəti və Vətənə sədaqəti haqqında məlumat verilməsi mühüm vəzifədir. Çünki tarixini və qəhrəmanlarını tanıyan xalq milli dəyərlərini daha möhkəm qoruyur.

Zəfər Günü şəhidlərimizin xatirəsi qarşısında ehtiramımızı ifadə etdiyimiz ən əlamətdar tarixlərdəndir. Azad torpaqlarda qurulan hər bir ev, açılan hər bir məktəb və ucaldılan hər bir bayraq onların bizə əmanət etdiyi Vətənin inkişafına xidmət edir. Şəhidlərimizin ruhu qarşısında ən böyük borcumuz güclü, müstəqil və firavan Azərbaycanı gələcək nəsillərə ötürməkdir.

Bahadur Məmmədov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button