AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Azərbaycanın ərazi bütövlüyünün bərpası – tarixi ədalətin təntənəsi

Azərbaycanın ərazi bütövlüyünün bərpası xalqımızın uzun illər ərzində gözlədiyi tarixi hadisə idi. 1990-cı illərin əvvəllərində torpaqlarımızın işğal olunması yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsinə, şəhər və kəndlərimizin dağıdılmasına səbəb olmuşdu. Buna baxmayaraq, Azərbaycan dövləti və xalqı öz tarixi torpaqlarına qayıtmaq, beynəlxalq hüquqla tanınan sərhədlərini bərpa etmək əzmindən heç vaxt geri çəkilmədi.

Prezident İlham Əliyev hakimiyyətdə olduğu dövrdə bu məqsədi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Azərbaycan beynəlxalq təşkilatlarda öz mövqeyini ardıcıl müdafiə edir, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tələb edir və işğalın nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayırdı. Diplomatik fəaliyyətlə paralel olaraq ölkənin hərbi və iqtisadi gücü artırılırdı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ oldu. Azərbaycan Ordusu 44 gün ərzində yüzlərlə yaşayış məntəqəsini işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi, noyabrın 10-da isə hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatın imzalanması müharibənin nəticələrini müəyyənləşdirdi.

2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa edildi. Bu hadisə ölkənin müasir tarixində mühüm mərhələ olmaqla, dövlət sərhədləri daxilində suveren idarəetmənin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıdı.

Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət kimi gələcəyə inamla addımlayır. Azad edilmiş ərazilərdə aparılan bərpa işləri, Böyük Qayıdış proqramı və yeni iqtisadi layihələr tarixi ədalətin bərpasını real inkişafla tamamlayır. Zəfər Günü xalqımızın bu tarixi nailiyyətinin rəmzi olaraq daim qeyd ediləcək.

Mircavid Hüseynov,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 152” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button