AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şuşa – Azərbaycan xalqının qəhrəmanlıq və qürur tarixinin zirvəsi

Şuşa şəhəri Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yeri olan müqəddəs məkanlardan biridir. Qarabağın tacı, milli mədəniyyətimizin beşiyi və tarixi yaddaşımızın ayrılmaz hissəsi olan bu şəhər əsrlər boyu xalqımızın mənəvi gücünü, milli kimliyini və dövlətçilik ənənələrini özündə yaşadıb. 8 noyabr 2020-ci il isə Şuşanın tarixində yeni bir səhifənin açıldığı, xalqımızın qürurunun və iradəsinin təntənəyə çevrildiyi gün kimi yadda qalıb.

Şuşanın azad edilməsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, uzaqgörən siyasəti və Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində mümkün oldu. Vətən müharibəsinin ən mürəkkəb döyüş əməliyyatlarından biri hesab edilən Şuşa əməliyyatı hərb tariximizə unikal hərbi uğur kimi daxil oldu. Azərbaycan əsgəri çətin relyefə, sıldırım qayalara, sərt hava şəraitinə və düşmənin müqavimətinə baxmayaraq, qarşısına qoyulan müqəddəs vəzifəni yerinə yetirdi.

Azərbaycan hərbçilərinin Şuşaya doğru irəliləməsi yalnız hərbi əməliyyat deyil, həm də böyük Vətən sevgisinin təzahürü idi. Xüsusi Təyinatlı Qüvvələrimizin qəhrəmanları ağır döyüş şəraitində şəhərə daxil olaraq düşmənin müdafiə mövqelərini darmadağın etdilər. Bu qələbə Azərbaycan əsgərinin peşəkarlığını, döyüş ruhunu, cəsarətini və Vətən torpağına bağlılığını bütün dünyaya nümayiş etdirdi.

Şuşanın azad edilməsindən sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Tarixi abidələrimiz, məscidlərimiz, mədəniyyət ocaqlarımız yenidən həyata qaytarıldı, yeni infrastruktur layihələri reallaşdırıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Şuşanın tarixi simasının qorunmasına, şəhərin müasir inkişafına və doğma sakinlərinin öz yurdlarına qayıdışına xidmət edir.

Bu gün Şuşa yalnız azad edilmiş şəhər deyil, Azərbaycanın qalib dövlət olduğunu təsdiqləyən möhtəşəm rəmzdir. Şuşa Şəhəri Günü xalqımızın qəhrəman əsgərlərinə ehtiramın, şəhidlərimizin əziz xatirəsinə sədaqətin və dövlətimizin qüdrətinə inamın ifadəsidir. Şuşa yaşayır, inkişaf edir və Azərbaycan xalqının əbədi qürur mənbəyi olaraq gələcək nəsillərə Zəfər tariximizi xatırladır.

Narınc Aslanova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 101a” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button