8 Noyabr Azərbaycan tarixində həm Zəfər Günü, həm də Şuşa Şəhəri Günü kimi xüsusi yer tutur. 2020-ci ilin bu şanlı tarixində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi gedişatında həlledici qələbə qazanaraq Qarabağın tacı olan Şuşa şəhərini işğaldan azad etdi. Bu tarixi zəfər təkcə hərbi qələbə deyil, həm də xalqımızın əyilməz iradəsinin, milli birliyinin və ədalətin bərpasının rəmzinə çevrildi.
Şuşa şəhəri əsrlər boyu Azərbaycanın mədəniyyət, incəsənət və mənəviyyat mərkəzi kimi tanınıb. “Qarabağın incisi” və “Azərbaycanın mədəniyyət paytaxtı” adlandırılan bu qədim şəhər özünəməxsus memarlığı, tarixi abidələri və zəngin irsi ilə seçilir. Şuşanın azad edilməsi həm də bu zəngin mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından tarixi əhəmiyyət daşıyır.
İşğaldan azad olunduqdan sonra Şuşada genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır. Tarixi məscidlər, mədəniyyət ocaqları, muzeylər və infrastruktur obyektləri yenidən qurulur, şəhərin əvvəlki əzəməti və gözəlliyi bərpa edilir. Bu proseslər dövlətin bu şəhərə göstərdiyi xüsusi diqqətin və qayğının bariz nümunəsidir.
Bu gün 8 Noyabr Şuşa Şəhəri Günü kimi qeyd olunarkən, biz həm qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, həm də bu müqəddəs torpağın dirçəlişini qürurla izləyirik. Şuşa bu gün təkcə keçmişin şanlı tarixi deyil, həm də sülhün, inkişafın və əbədi qələbənin simvolu kimi Azərbaycanın gələcəyinə işıq saçır.
İldırım Eyvazlı,
YAP Nizami rayon təşkilatının gənc fəalı



