Gündəm

BAYRAĞIMIZ – GÜCLÜ DÖVLƏTİN VƏ MÜSTƏQİL SİYASƏTİN RƏMZİ

Müstəqil dövlətin əsas xüsusiyyətlərindən biri onun öz milli maraqlarına uyğun siyasət həyata keçirmək imkanına malik olmasıdır. Azərbaycan bu gün müstəqil xarici və daxili siyasət yürüdən, beynəlxalq münasibətlərdə öz mövqeyini qətiyyətlə müdafiə edən dövlətdir. Üçrəngli bayrağımız bu müstəqilliyin və dövlət suverenliyinin ən aydın rəmzidir.

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq xalqımızın müstəqillik düşüncəsinin ifadəsi olmuşdur. Həmin bayrağın rənglərində milli kimliyimiz, müasirlik və mənəvi dəyərlərimiz öz əksini tapmışdır. Bu rəmz Azərbaycan xalqının azad yaşamaq iradəsini bütün dünyaya göstərmişdir.

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində həlledici rol oynamışdır. Onun təşəbbüsü ilə üçrəngli bayrağımızın yenidən dövlət səviyyəsində qəbul edilməsi milli suverenlik ideyasının güclənməsinə mühüm töhfə vermişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi və hərbi sahələrdə böyük inkişaf yolu keçmişdir. Vətən müharibəsində əldə edilən Zəfər dövlətimizin müstəqil qərar qəbul etmək gücünü və milli maraqlarını qorumaq əzmini nümayiş etdirmişdir. Bu gün ölkəmizin bütün ərazilərində dövlət bayrağımızın dalğalanması suverenliyimizin mühüm göstəricisidir.

Üçrəngli bayrağımız güclü dövlətimizin beynəlxalq aləmdəki simasıdır. Onun ucalığı Azərbaycanın müstəqil inkişaf yolunun, milli birliyinin və gələcəyə inamının ifadəsidir. Bayrağımızın qorunması və dövlətimizin gücləndirilməsi hər bir vətəndaşın ortaq məqsədi olmalıdır.

Ceyhun Qafarov,
YAP Nizami rayon təşkilatının “Elşən Süleymanov küçəsi, 25/14” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button