
Vətəndaş cəmiyyətinin formalaşması demokratik dövlət quruculuğunun əsas göstəricilərindən biridir. İnsanların ictimai həyatda fəal iştirakı, müxtəlif birliklərin sərbəst fəaliyyəti, fikir müxtəlifliyinin qorunması və dövlətlə cəmiyyət arasında qarşılıqlı dialoqun mövcudluğu demokratik inkişafın dayanıqlı olmasını təmin edir. Azərbaycan Respublikasının Konstitusiyası vətəndaş cəmiyyətinin inkişafı üçün zəruri hüquqi prinsipləri təsbit edərək bu sahədə mühüm baza yaradıb.
1995-ci il Konstitusiyasında insan hüquq və azadlıqlarının geniş şəkildə əks olunması vətəndaşların ictimai-siyasi proseslərdə iştirak imkanlarının hüquqi əsaslarını müəyyənləşdirdi. Söz və fikir azadlığı, birləşmək hüququ, siyasi iştirak, mülkiyyət hüququ və digər fundamental təminatlar cəmiyyətin müstəqil institutlarının formalaşması üçün mühüm əhəmiyyət daşıyır. Bu prinsiplər vətəndaşların dövlət idarəçiliyinə münasibətdə passiv müşahidəçi deyil, fəal iştirakçı kimi çıxış etməsinə imkan yaradır.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılmış konstitusion sistemdə dövlət və cəmiyyət münasibətlərinin hüquqi çərçivədə tənzimlənməsi əsas istiqamətlərdən biri idi. Müstəqilliyin ilk illərində siyasi sabitliyin təmin edilməsi və dövlət institutlarının möhkəmləndirilməsi vətəndaş cəmiyyətinin inkişafı üçün zəruri şərait yaratdı. Sonrakı mərhələdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin və müxtəlif sosial institutların fəaliyyət dairəsi genişləndi.
Müasir dövrdə vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətinin səmərəliliyinin artırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. İctimai nəzarət, sosial təşəbbüslər, könüllülük fəaliyyəti və ictimai müzakirələr dövlət-vətəndaş münasibətlərinin daha şəffaf və qarşılıqlı məsuliyyət əsasında qurulmasına töhfə verir. Rəqəmsal kommunikasiya imkanlarının genişlənməsi isə vətəndaşların ictimai proseslərdə iştirak formalarını daha da zənginləşdirir.
Konstitusiyanın yaratdığı hüquqi imkanların real nəticəyə çevrilməsi üçün vətəndaşların hüquqi mədəniyyətinin yüksəldilməsi vacibdir. Hüquqlarını bilən, vəzifələrini anlayan və ictimai məsuliyyət daşıyan vətəndaşlar güclü dövlətin formalaşmasında mühüm rol oynayırlar. Bu baxımdan, Konstitusiya vətəndaş cəmiyyətinin hüquqi dayağı olmaqla yanaşı, dövlətlə xalq arasında qarşılıqlı etimadın möhkəmlənməsinin də əsas vasitələrindən biridir.
Tofiq Rüstəmli,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 2269-cu məhəllə, bina 1” ərazi partiya təşkilatının sədr müavini


