AnalitikaGündəmSiyasət

 Konstitusiya və ərazi bütövlüyünün qorunması

Ərazi bütövlüyü müstəqil dövlətin beynəlxalq hüquqla tanınan əsas atributlarından biridir. Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin ərazisinin vahidliyini və toxunulmazlığını müəyyən edən fundamental hüquqi prinsipləri özündə birləşdirir. Bu müddəalar ölkənin suverenliyinin və milli təhlükəsizliyinin hüquqi əsaslarını təşkil edir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra uzun illər ərzində ərazi bütövlüyünün pozulması problemi ilə üzləşmişdir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın bir hissəsi işğal altında qalmış, yüz minlərlə insan doğma yurdlarından didərgin düşmüşdür. Bu vəziyyət dövlətimizin qarşısında ərazi bütövlüyünün bərpası kimi tarixi vəzifə yaratmışdı.

2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmanlıq göstərdi. Xalqımızın birliyi və ordumuzun gücü tarixi ədalətin bərpasına şərait yaratdı.

Ərazi bütövlüyünün bərpası ilə azad edilmiş torpaqlarda dövlət idarəçiliyinin, hüquqi sistemin və sosial infrastrukturun yenidən qurulması prosesi başladı. Böyük Qayıdış proqramı çərçivəsində insanların doğma yurdlarına qayıtması üçün genişmiqyaslı işlər həyata keçirilir. Bu proses Konstitusiyada təsbit edilmiş dövlət suverenliyi prinsipinin praktik təzahürüdür.

Azərbaycanın ərazi bütövlüyünün qorunması gələcək nəsillər qarşısında mühüm məsuliyyətdir. Bu məqsədlə güclü ordu, sabit dövlət institutları və hüquqi sistemin davamlı inkişafı vacibdir. Konstitusiya ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin əsas hüquqi təminatıdır.

Rasim Quliyev,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 8” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button