
Enerji təhlükəsizliyi müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin iqtisadi və siyasi sabitliyinə təsir edən əsas amillərdən biridir. Enerji resurslarının etibarlı təchizatı, infrastrukturun inkişafı və enerji mənbələrinin şaxələndirilməsi beynəlxalq əməkdaşlığın vacib istiqamətlərini təşkil edir. Azərbaycan uzun illərdir enerji sahəsində etibarlı tərəfdaş kimi tanınır və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu mövqeyini daha da möhkəmləndirməyə çalışır.
Azərbaycan və Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsində enerji təhlükəsizliyi və təmiz enerji keçidi mühüm əməkdaşlıq sahələri kimi müəyyənləşdirilib. Sənəddə bərpaolunan enerjinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar üzrə qarşılıqlı fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur.
Enerji əməkdaşlığının yeni mərhələsi ənənəvi enerji sahələri ilə yanaşı, alternativ enerji mənbələrinin inkişafını da əhatə edir. Bu yanaşma enerji sistemlərinin dayanıqlılığının artırılması, iqlim dəyişikliklərinə uyğunlaşma və uzunmüddətli enerji təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan enerji siyasətində şaxələndirməyə və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsinə xüsusi diqqət yetirir. Ölkəmizin enerji potensialının səmərəli istifadəsi, yeni layihələrin həyata keçirilməsi və bərpaolunan enerji imkanlarının inkişafı iqtisadiyyatın gələcək inkişafına xidmət edir.
Azərbaycan–Böyük Britaniya əməkdaşlığının enerji istiqamətində genişlənməsi hər iki ölkənin iqtisadi və strateji maraqlarına uyğundur. Bu tərəfdaşlıq enerji təhlükəsizliyi, texnologiya mübadiləsi və dayanıqlı inkişaf sahələrində yeni imkanların yaranmasına töhfə verə bilər.
Arif Qurbanov,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 161” ərazi partiya təşkilatının sədri


