
Azərbaycan ilə Vyetnam arasında münasibətlərin təməli hələ sovet dövründə qoyulub. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri xalqlarımız arasında dostluq münasibətlərinin formalaşmasında mühüm hadisə olub. 1983-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri də bu tarixi ənənənin davam etdirilməsində xüsusi əhəmiyyət daşıyıb. Həmin səfər çərçivəsində əldə olunan razılaşmalar və həyata keçirilən yüksək səviyyəli təmaslar ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verib. Həmin dövrdən başlayaraq formalaşmağa başlayan mədəni-humanitar əlaqələr sonrakı illərdə genişlənərək əməkdaşlığın digər istiqamətlərini də əhatə edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama səfəri ərəfəsində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin keçmişinə, bu gününə və gələcək perspektivlərinə geniş işıq salır. Cənab Prezident İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi əsasları, mövcud vəziyyəti və inkişaf perspektivləri ətraflı şəkildə dəyərləndirilir, iki ölkə arasında əməkdaşlığın strateji əhəmiyyəti bir daha vurğulanır. Dövlət başçısının fikirləri göstərir ki, uzun illərin dostluq ənənələri müasir dövrdə yeni məzmunla zənginləşərək siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır.
İkitərəfli münasibətlərdən danışarkən cənab Prezident öz müsahibəsində Azərbaycan-Vyetnam münasibətlərinin tarixi inkişafını əhatə edən mühüm məqamlara toxundu.
İki ölkə arasında yaranmış dostluğun köklərinə qayıtmaq və onun əsasını qoymuş iki böyük lideri səmimi minnətdarlıq hissi ilə xatırladığını öz nitqində qeyd edən cənab Prezident müsahibəsində Azərbaycan-Vyetnam münasibətlərinin 70 illik tarixindən bəhs etdi. Həmçinin cənab Prezident zamanın sınaqlarından çıxmış möhkəm dostluğa əsaslanaraq, əlaqələrin gücləndirilməsini və qarşılıqlı tərəfdaşlığın davam etməsini vacib məsələ olduğunu bildirdi. Ölkə başçısı Vyetnama ilk dövlət səfərinin 2014-cü ildə baş tutduğunu, daha sonra ardıcıl olaraq davam edən ölkələrarası dostluq səfərlərinin dövlətlərarası münasibətlərdə yeni üfüqlər açdığını qeyd etdi. Mövcud vəziyyətlə bağlı fikirlər səsləndirən cənab Prezident müsahibəsində önəmli bir tarixi mənzərəni təsvir etmiş oldu. Viyetnam səfərindən sonraki mərhələdə ölkələrimiz arasındakı münasibətlərin əsası formalaşdırıldı. Müasir dövrdə də müstəqil Azərbaycanla Viyetnam arasında olan münasibətlər kifayət qədər yüksələn dinamikayla inkişaf edir.
İldən ilə Azərbaycanla münasibətlərinin inkişaf etdirilməsindən aidın şəkildə görürük ki, iki tərəfli münasibətlər həm Viyetnam üçün, həm də Azərbaycan üçün böyük önəm kəsb edir. Çünki xalqlarımız arasında dostluğun tarixi əsasları vardır. Eyni zamanda cəmiyyətlər arasında münasibətlərinin inkişaf etdirilməsi baxımdan elm və təhsil sahəsində uzun illərdir mədəni tərəfdaşlıq həyata keçirilir.
Cənab Prezident müsahibəsində Heydər Əliyev Fondunun bu prosesdə xüsusi rola malik olduğunu vurğulayaraq, Vyetnamla humanitar münasibətlərin dərinləşməsində Fondun müxtəlif təhsil proqramlarına dəstəyindən danışdı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri məhz bu əlaqələrin möhkəmləndirilməsinə tohfə verdi. Səfər zamanı ölkə rəhbərləri, ziyalı nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilmiş, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərilmişdir. İki ölkənin zəngin tarixi köklərə əsaslanan akademik əlaqələri hələ sovet dövründə formalaşmış, təcrübə mübadiləsi ilə müşaiyət olunmuşdur. Məhz bu tarixi əsaslar üzərində bu gün yeni əməkdaşlıq modeli formalaşmışdır.
Cənab Prezident İlham Əliyevin müsahibədə qeyd etdi ki, iki ölkə arasında ticarət dövriyyəsi və mövcud göstəricilər tərəflərin iqtisadi potensialını tam olaraq əks etdirmir. Ölkələrimiz arasında neft-qaz, sənaye, kənd təsərrüfatı, energetika, tikinti və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Enerji sektoru əməkdaşlığın əsas istiqamətlərindən biridir. Ticarət dövriyyəsinin artırılması və investisiyaların təşviqi vacib hesab olunur. Belə ki, Azərbaycanın zəngin enerji təcrübəsi ilə Vyetnamın iqtisadi potensialının birgə uzlaşdırılması dayanıqlı faydalı nəticələr vəd edir.
Vyetnam şirkətlərinin Azərbaycan iqtisadiyyatında fəallığının artması xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, nəqliyyat-logistika sahəsində ikitərəfli tərəfdaşlığın genişləndirilməsi də böyük perspektivə malikdir. Belə ki, Azərbaycanın strateji coğrafi mövqeyi bu istiqamətdə etibarlı tranzit imkanları təmin edir. Xüsusilə Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəmizin regional, eyni zamanda qlobal əhəmiyyətini daha da artırıb.
Azərbaycanın xarici siyasətində qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsipləri əsas yer tutur. Xüsusilə vurğulamaq lazımdır ki, ölkələrimiz arasındakı münasibətlərin bu səviyyəyə çatmasında yüksək siyasi etimad həlledici rol oynayır. Vyetnamla münasibətlər də məhz bu prinsiplər üzərində qurulub. Bu mənada qarşılıqlı etimad mühitinin iqtisadi və humanitar əməkdaşlığın daha da dərinləşməsinə şərait yaratdığını da qeyd etmək yerinə düşər.
Azərbaycanın çoxşaxəli xarici siyasət kursunda Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi xüsusi yer tutur. Bu baxımdan Vyetnam regionun mühüm iqtisadi və siyasi tərəfdaş kimi Azərbaycan üçün əhəmiyyətli tərəfdaş hesab olunur. Vyetnamın geostrateji mövqeyi və sürətli iqtisadi inkişafı iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə əlavə imkanlar yaradır. Nəticə etibarı ilə bu gün iki ölkə arasında enerji, nəqliyyat-kommunikasiya, ticarət, investisiya, elm, təhsil və yaşıl enerji sahələrində əməkdaşlıq üçün inkişaf etmiş geniş imkanlar mövcuddur. Tərəflər arasında mövcud olan qarşılıqlı etimad və siyasi dialoq isə bu əməkdaşlığın əsas dayaqlarından biri kimi çıxış etməkdədir.
Beləliklə, mövcud mənzərə onu deməyə əsas verir ki, dəyişən dünya nizamı şəraitində Azərbaycan və Vyetnam arasındakı əməkdaşlıq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Diqqət çəkən məqamlardan biri də odur ki, hər iki ölkə regional sabitliyin, beynəlxalq təhlükəsizliyin və qlobal sülhün möhkəmləndirilməsi istiqamətində bənzər yanaşmalar sərgiləyir. Tarixi təcrübələri və inkişaf yolu iki ölkəyə regional və beynəlxalq proseslərdə daha sıx əməkdaşlıq etmək üçün əlavə imkanlar yaradır. Bütün bu məqamları göz önünə gətirərək qeyd edə bilərik ki, Vyetnam-Azərbaycan arasında qurulmuş dostluq münasibətləri fərqli layihələrdə də ikitərəfli əməkdaşlıq imkanlarını mümkün edir.
Bu gün dövlətimiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil və uğurlu xarici siyasət apararaq beynəlxalq proseslərin fəal iştirakçısına çevrilmişdir. Məhz bu uğurlu xarici siyasətin tərkib hissəsi kimi Cənab Prezidentin Vyetnama səfərindən də gözləntilər kifayət qədər yüksəkdir. Dövlət başçısının bu səfərin qarşılıqlı faydalı tərəfdaşlığın daha da şaxələnməsində növbəti mühüm addım olacağına dair fikirləri iki ölkənin gələcək əməkdaşlığına verilən yüksək siyasi qiymətin ifadəsidir. Yeni sənədlərin imzalanması, iqtisadi və siyasi əlaqələrin daha da genişləndirilməsi, investisiya layihələrinin artırılması, eləcə də strateji əməkdaşlığın yeni mərhələyə keçməsi gözlənilir. Bütün bunlar Azərbaycan-Vyetnam münasibətlərinin gələcəkdə daha yüksək səviyyəyə yüksələcəyini və iki ölkə arasında əməkdaşlığın yeni məzmun qazanacağını göstərir.
Məhsəti Məmmədova,
“H.B.Zərdabi pr. 59” (“4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi”)
ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini


