AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyası gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verir

Azərbaycanın gələcək inkişafı gənc nəslin bilikli, vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı və məsuliyyətli vətəndaş kimi yetişməsindən birbaşa asılıdır. Bu baxımdan Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti çərçivəsində gənclərlə iş, onların ictimai-siyasi proseslərdə iştirakının artırılması və dövlətçilik ideyalarının təbliği mühüm istiqamətlərdən biri kimi diqqət çəkir. Partiyanın yaradılması da məhz Azərbaycanın gələcəyinə məsuliyyət daşıyan siyasi qüvvənin formalaşdırılması məqsədinə xidmət edirdi.

Ulu Öndər Heydər Əliyev gənclərin inkişafına, təhsilinə və milli ruhda tərbiyəsinə hər zaman xüsusi əhəmiyyət verirdi. Onun rəhbərliyi dövründə gənclər siyasətinin əsasları formalaşdırıldı, təhsil imkanları genişləndirildi və gənclərin dövlət quruculuğu prosesində iştirakına şərait yaradıldı. Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyinin təminatçısı hesab edir, onların bilik və bacarıqlarına böyük ümid bəsləyirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti yeni mərhələyə yüksəlib. Gənclərin təhsil, elm, idman, innovasiya və sahibkarlıq sahələrində inkişafı üçün geniş imkanlar yaradılıb. Xaricdə təhsil proqramları, könüllülük hərəkatları, gənclər təşkilatlarının fəaliyyəti və müxtəlif inkişaf layihələri onların potensialının reallaşdırılmasına xidmət edir.

Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq və fədakarlıq vətənpərvərlik tərbiyəsinin əhəmiyyətini bir daha sübut etdi. Gənc əsgər və zabitlər torpaqlarımızın azadlığı uğrunda misilsiz şücaət göstərərək tarix yazdılar. Bu gün şəhidlərimizin xatirəsinin yaşadılması, qazilərimizin cəmiyyətə inteqrasiyası və qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılması mühüm mənəvi vəzifədir.

Yeni Azərbaycan Partiyasının 34 illik yubileyi gənclərin milli dövlətçilik ideyalarına bağlılığının daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir. Müasir və qüdrətli Azərbaycanın gələcəyi bilikli, təşəbbüskar və məsuliyyətli gənclərin fəaliyyəti ilə daha da möhkəmlənəcək. Bu istiqamətdə dövlət siyasətinin və ictimai təşəbbüslərin davam etdirilməsi xüsusi önəm daşıyır.

Fidan Əliyeva,
YAP Nizami rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button