AnalitikaGündəmSiyasət

25 noyabr — Kəlbəcərin zəfərə qovuşduğu gün

Kəlbəcər — dağların əzəmətində yaşayan tarix, azadlığın gücü ilə yüksələn gələcək Bəzən bir tarix bütöv bir xalqın yaddaşında xüsusi yer tutur. Kəlbəcər üçün 25 noyabr məhz belə günlərdəndir. 2020-ci ilin bu tarixində Kəlbəcərin işğaldan azad olunması Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri oldu. Bu gün doğma yurda qayıdışın, milli iradənin və tarixi ədalətin təntənəsi kimi yadda qaldı. Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və bənzərsiz təbiətə malik bölgələrindən biridir. Dağların qoynunda qərarlaşan bu diyarın hər guşəsi özündə bir tarix, hər mənzərəsi isə Vətənimizin gözəlliyini yaşadır. Kəlbəcər xalqımızın yaddaşında doğma torpağa sədaqətin, yurd sevgisinin və milli kimliyimizin ayrılmaz parçasıdır. Uzun illər doğma torpaqlarından uzaqda yaşamaq məcburiyyətində qalan kəlbəcərlilərin qəlbində yurd həsrəti heç zaman sönmədi. İllər keçsə də, doğma evlərə, küçələrə, dağlara və uşaqlıq xatirələrinə bağlılıq qorunub saxlanıldı. Kəlbəcərin azadlığı bu həsrətin sona çatması istiqamətində tarixi bir addım oldu və doğma yurda qayıdış arzusunu gerçəkləşdirmək üçün yeni imkanlar yaratdı. Bu gün Kəlbəcər yeni inkişaf və quruculuq mərhələsini yaşayır. Bölgədə həyata keçirilən layihələr, yolların və infrastrukturun yenilənməsi, yaşayış məntəqələrinin bərpası şəhərin gələcək inkişafına zəmin yaradır. Burada qurulan hər yeni obyekt, çəkilən hər yol və yaradılan hər imkan doğma yurda həyatın yenidən qayıdışını simvolizə edir. Kəlbəcərin gələcəyi yalnız onun təbii sərvətləri və iqtisadi imkanları ilə deyil, həm də burada yaşayan insanların arzuları, əməyi və doğma torpağa olan bağlılığı ilə müəyyən olunur. Bu qədim diyarın yenidən inkişaf etməsi, sakinlərinin öz yurdlarında firavan yaşaması və gələcək nəsillərin Kəlbəcəri daha gözəl bir şəhər kimi tanıması hər birimiz üçün böyük əhəmiyyət daşıyır. Gənclər olaraq tariximizin belə əlamətdar günlərini yalnız qeyd etməklə kifayətlənməməli, onların daşıdığı mənanı dərindən dərk etməliyik. Milli yaddaşın qorunması, Vətənimizin keçmişinin öyrənilməsi və gələcəyinin qurulmasında iştirak etmək hər birimizin üzərinə düşən məsuliyyətdir. Kəlbəcərin tarixi bizə göstərir ki, doğma torpağa sevgi zamanın sınağından keçir və heç bir məsafə insanı öz köklərindən ayıra bilmir. Kəlbəcər bu gün azadlığın, yenidən doğuluşun və gələcəyə inamın ünvanıdır. Onun dağları, çayları və geniş təbiəti Azərbaycanın zənginliyini, azad torpaqları isə xalqımızın qürurunu əks etdirir. Qarşıda Kəlbəcəri daha böyük inkişaf, yeni uğurlar və firavan həyat gözləyir.

Kəlbəcər — azadlığın zirvəsində, gələcəyin yolunda!
Kəlbəcər Şəhəri Günü münasibətilə Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Qoy Kəlbəcərin hər sabahı inkişafın, sülhün və doğma yurdda xoşbəxt həyatın müjdəçisi olsun!

25 Noyabr – Kəlbəcər Şəhəri Günümüz mübarək! 🇦🇿

Aygün Rəhimova,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button