
Azərbaycan xalqının XX əsrin sonlarında əldə etdiyi müstəqillik çox mürəkkəb və çətin tarixi şəraitdə baş verdi. 1991-ci ildə Azərbaycan Sovet İttifaqının süqutu ilə dövlət müstəqilliyini bərpa etsə də, ölkə dərin siyasi, iqtisadi və hərbi böhran içində idi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız zəbt edilmiş, daxildə isə anarxiya, siyasi qarşıdurmalar və iqtidarsızlıq hökm sürürdü. Belə bir şəraitdə Azərbaycan xalqının yeganə ümidi və xilaskarı kimi ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldi. Məhz onun gəlişi ilə ölkə tənəzzüldən xilas oldu, sabitlik bərpa edildi və inkişafın təməli qoyuldu. 15 İyun — Milli Qurtuluş Günü bu baxımdan xalqımızın tarixində dönüş nöqtəsi kimi əbədi yer aldı.
Qurtuluş Günü – 15 İyun tarixinin mənası təkcə bir siyasi çevriliş və ya lider dəyişikliyi ilə ölçülə bilməz. Bu gün Azərbaycanın müstəqil dövlət kimi varlığının qorunması, onun parçalanmaq təhlükəsindən xilas edilməsi və vətəndaş müharibəsi təhlükəsindən qurtarılması ilə assosiasiya olunur. 1993-cü ilin yayında baş verən hadisələr sadəcə bir dönəmin sonu deyil, yeni bir mərhələnin, yeni bir siyasi düşüncənin, milli birlik və həmrəyliyə əsaslanan idarəetmə modelinin başlanğıcı idi. Bu modelin mərkəzində isə xalqın iradəsi və Heydər Əliyev kimi dövlətçilik məktəbi keçmiş, siyasi uzaqgörənliyi ilə seçilən lider dayanırdı.
Milli Qurtuluş, həm də milli özünüdərkin bərpası, itirilmiş inamın geri qaytarılması və dövlətə güvənin yenidən formalaşması demək idi. O zamana qədər yalnızca coğrafi sərhədlərlə məhdud bir ölkə təsiri bağışlayan Azərbaycan, 15 İyundan sonra artıq dövlətçiliyini məqsədli şəkildə formalaşdıran, beynəlxalq arenada mövqeyini bərpa edən və gələcəyini strateji planlara əsaslanaraq quran bir respublikaya çevrildi. Bu dəyişiklik sadəcə siyasi idarəetmədə deyil, xalqın düşüncəsində də baş verdi – dövlətə inam, sabaha ümid və birlik hissi cəmiyyətin müxtəlif təbəqələrində özünü göstərməyə başladı.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci ildə bərpa olunsa da, onu qoruyub saxlamaq, möhkəmləndirmək və davamlı inkişaf yoluna çıxarmaq heç də asan başa gəlmədi. Müstəqillik həm də siyasi sabitlik, hüquqi dövlət quruculuğu, milli ordu, güclü iqtisadiyyat və xalqın birliyini tələb edirdi. Azərbaycan bu amillərdən heç birinə malik deyildi. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində təkcə idarəetmə strukturu deyil, həm də xalq-dövlət münasibətləri yenidən quruldu. Dövlət təkcə idarə edən mexanizm deyil, eyni zamanda xalqın maraqlarını ifadə edən bir orqan kimi formalaşmağa başladı. Bu isə dövlətçiliyin əsas ideyalarından biri – xalq hakimiyyətinə söykənən idarəetmə modelinin bərqərar olması idi.
1992-1993-cü illərdə ölkə idarəçiliyində olan AXC-Müsavat hakimiyyətinin səriştəsiz fəaliyyəti, dövlət quruculuğu sahəsində elementar bacarıqların olmaması və şəxsi maraqların milli maraqlardan üstün tutulması, Azərbaycanı vətəndaş qarşıdurması, siyasi dağınıqlıq və regional separatçılıq təhlükəsi ilə üz-üzə qoydu. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqların bir-birinin ardınca işğalı, cəbhədəki uğursuzluqlar və xalqın dövlətə olan inamının itməsi Azərbaycanı dərin bir uçuruma sürükləyirdi. Belə bir vəziyyətdə xalqın nicat yolu aydın idi: Azərbaycanın müstəqilliyini qoruyacaq, dövlətçiliyi bərpa edəcək, xalqı öz ətrafında birləşdirəcək güclü liderə ehtiyac vardı. Bu ağır və çıxılmaz vəziyyətdə xalq Azərbaycanın taleyini yalnız Heydər Əliyevin simasında görürdü. 1993-cü ilin iyununda xalqın təkidli dəvəti və israrlı çağırışı ilə Heydər Əliyev Bakıya gəldi. 15 iyun tarixində o, Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu tarixi hadisə Azərbaycanın müstəqilliyini və dövlətçiliyini məhv olmaqdan xilas etdi.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, qanunsuz silahlı qruplaşmalar zərərsizləşdirildi. Dövlət idarəetmə sistemi yenidən quruldu, ordunun nizami əsaslarla formalaşdırılmasına başlanıldı və Qarabağ münaqişəsində atəşkəs əldə edildi. Azərbaycanın müstəqil xarici siyasəti müəyyənləşdirildi, beynəlxalq aləmdə nüfuzu artdı. Heydər Əliyev tərəfindən neft strategiyası hazırlanaraq “Əsrin müqaviləsi” imzalandı. Bu, Azərbaycanın iqtisadi dirçəlişi və dayanıqlı inkişafının əsasını qoydu. İlk parlament seçkiləri keçirildi, Konstitusiya qəbul olundu, siyasi islahatlara start verildi və çoxpartiyalı siyasi sistem formalaşdı. Azərbaycanın beynəlxalq təşkilatlara inteqrasiyası və dünya birliyində nüfuzunun artması bu dövrdə mümkün oldu. Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində Azərbaycan xaosdan, parçalanmadan, anarxiyadan xilas oldu. Onun rəhbərliyi ilə ölkədə sistemli dövlət quruculuğu prosesi başladı. Qısa müddətdə Azərbaycan regionda sabitlik adasına çevrildi və uzunmüddətli inkişafın əsasları qoyuldu. Bu mərhələdə dövlətin əsas sütunları – ordu, iqtisadiyyat, idarəetmə və diplomatiya sahəsində formalaşdırılan mexanizmlər, gələcək uğurların təməlini təşkil etdi.
Bu gün 15 İyun – Milli Qurtuluş Günü yalnız tarixi bir hadisənin xatırlanması deyil. Bu gün Azərbaycan xalqının dövlətçiliyə, azadlığa, sabitliyə və inkişafa verdiyi dəyərin, milli həmrəyliyin və siyasi yetkinliyin təntənəsidir. Bu günün əhəmiyyəti ondadır ki, xalq tarixində ilk dəfə olaraq öz taleyini özü müəyyənləşdirdi, düzgün lideri dəstəkləyərək ölkəni uçurumun kənarından xilas etdi. Milli Qurtuluş Günü bizə xatırladır ki, ən çətin anlarda belə doğru qərarlar və xalqın birliyi bir millətin taleyini dəyişə bilər. Tarix bunu sübut etdi. Ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün də uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. 2020-ci ildə Vətən müharibəsində əldə edilən Qələbə və ölkənin ərazi bütövlüyünün bərpa olunması, məhz Ulu Öndərin müəyyən etdiyi strateji xəttin məntiqi nəticəsidir. Bu, həm də bir liderin xalqına verdiyi vədin yerinə yetirilməsidir15 İyun – Azərbaycan xalqının öz iradəsini ifadə etdiyi, xilaskarlıq missiyasının gerçəkləşdiyi, dövlətçiliyin yenidən dirçəldiyi gündür. Bu tarix hər bir azərbaycanlının yaddaşında əbədi qalmalı, gələcək nəsillərə bir dərs, bir nümunə, bir örnək kimi ötürülməlidir.
Azərbaycan xalqı öz xilaskar liderinin əziz xatirəsini daim uca tutur, 15 İyun tarixini dövlətçilik tariximizin qızıl səhifəsi kimi qeyd edir. Ulu Öndərin əsasını qoyduğu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru irəliləyir və ölkəmizi daha böyük uğurlara aparır.
Salehova Günel.
Xəzər rayonu, 185 №li tam orta məktəbin müəllimi