AnalitikaGündəmSiyasət

20 Sentyabr – suveren Azərbaycanın tarixi günü

Hər bir dövlətin tarixində onun müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini ifadə edən xüsusi tarixlər mövcuddur. Azərbaycan üçün 20 Sentyabr belə mühüm tarixlərdən biridir. Bu gün ölkəmizin müasir dövlətçilik tarixində xüsusi mərhələnin rəmzinə çevrilib. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd olunması 2023-cü il sentyabr hadisələrinin dövlətçilik baxımından əhəmiyyətini rəsmən təsdiqləyib. Sərəncamda 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və dövlət suverenliyinin bərpa edildiyi qeyd edilir.

 

Suverenlik anlayışı dövlətin yalnız xəritədə mövcud olması demək deyil. Suverenlik dövlət hakimiyyətinin ölkənin bütün ərazisində həyata keçirilməsi, qanunların vahid şəkildə tətbiqi və vətəndaşların dövlət təminatlarından yararlanması deməkdir. Buna görə də 20 Sentyabrın mahiyyətini yalnız hərbi hadisənin nəticəsi kimi qiymətləndirmək doğru olmaz. Bu tarix Azərbaycan dövlətçiliyinin ərazi və hüquqi baxımdan bütövləşməsinin ifadəsidir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də suverenlik anlayışının dövlət siyasətindəki xüsusi əhəmiyyətini bir daha önə çıxarıb. Rəsmi sənəddə 2020-ci il Vətən müharibəsi və 2023-cü il sentyabr hadisələri nəticəsində ərazi bütövlüyünün və suverenliyin tam bərpa edildiyi vurğulanır.

 

20 Sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi müəyyən olunması isə tariximizin müxtəlif səhifələrini vahid mənəvi məna ətrafında birləşdirir. Prezidentin 18 sentyabr 2024-cü il tarixli sərəncamı ilə həmin şəhərlərin günü məhz 20 sentyabra təsadüf etdirilib. Bu şəhərlərin adı artıq yalnız münaqişə və işğal anlayışları ilə deyil, bərpa, quruculuq və qayıdış anlayışları ilə də əlaqələndirilir. Xocalıya insanların qayıtması bunun ən aydın nümunələrindən biridir. Doğma torpaqlarına qayıdan ailələr üçün bu proses tarixi yaddaşın real həyata qayıtması deməkdir.

 

Bu gün Azərbaycan qarşısında duran əsas vəzifələrdən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir. Qarabağda həyata keçirilən quruculuq layihələri bu məqsədə xidmət edir. Xankəndidə Zəfər parkının yaradılması, nəqliyyat infrastrukturunun inkişafı, Xocalıda yaşayış məhəllələrinin və sosial obyektlərin qurulması yeni mərhələnin konkret göstəriciləridir. Xankəndi, Ağdərə və Xocalıda bərpa, tikinti və idarəetmə işlərini həyata keçirmək üçün xüsusi xidmətin yaradılması da bu istiqamətdə institusional addımlardan biridir. Deməli, 20 Sentyabr yalnız tarixi xatırlamaq günü deyil. Bu tarix suverenliyin məsuliyyətini, dövlətçilik əzmini və gələcək nəsillər üçün daha güclü Azərbaycan qurmaq məqsədini ifadə edir.

Reyhanə Ələkbərova,

YAP Nizami rayon təşkilatının “Tofiq Abbasov küçəsi, 3” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button