
20 sentyabr Azərbaycan xalqının müasir tarixində xüsusi siyasi, tarixi və mənəvi əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. Bu tarix 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunması ilə bağlıdır.
20 sentyabr yalnız tarixi bir hadisənin ildönümü deyil, Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində uzun illər apardığı məqsədyönlü siyasətin nəticəsini ifadə edən mühüm tarixdir. Uzun illər ərzində xalqımız işğalın ağır nəticələri, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması, şəhər və kəndlərin dağıdılması, tarixi-mədəni irsin məhv edilməsi ilə üzləşsə də, öz torpaqlarına qayıtmaq və ərazi bütövlüyünü bərpa etmək iradəsindən heç vaxt geri çəkilməmişdir.
Müstəqilliyinin ilk illərində qarşılaşdığı ciddi çətinliklərdən sonra Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması, beynəlxalq mövqelərin gücləndirilməsi və müasir ordu quruculuğu istiqamətində ardıcıl siyasət həyata keçirmişdir. Bu siyasətin mühüm strateji məqsədlərindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olmuşdur.
2020-ci ilin 44 günlük Vətən müharibəsi həmin prosesin həlledici mərhələsinə çevrildi. Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın nümayiş etdirdiyi milli həmrəylik nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Bu tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ olmaqla yanaşı, regionda yeni reallıqlar yaratdı.
2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda Azərbaycan ərazilərində yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilmiş təxribatların qarşısının alınması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Tədbirlər nəticəsində qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı və 20 sentyabr 2023-cü ildə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi.
Bu hadisə Azərbaycan dövlətçiliyi tarixində mühüm dönüş nöqtəsi oldu. Ölkənin bütün ərazisində Konstitusiyanın və qanunların aliliyinin təmin edilməsi, dövlət idarəçiliyinin bərpası və vahid hüquqi məkanın formalaşdırılması suveren dövlət üçün fundamental əhəmiyyət daşıyır. Məhz buna görə 20 sentyabr xalqımızın milli iradəsinin və dövlətçilik əzminin rəmzi kimi xüsusi məna kəsb edir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri bu tarixi prosesin mühüm rəmzlərindəndir. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyevin bu şəhərlərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması Azərbaycanın dövlət suverenliyinin bərpasının mühüm simvolik ifadəsi olmuşdur.
Xankəndinin Azərbaycanın siyasi, sosial və mədəni həyatında xüsusi yeri vardır. Dövlət suverenliyinin bərpasından sonra şəhərdə yeni inkişaf mərhələsi başlanmış, onun müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması və ölkənin vahid iqtisadi və hüquqi məkanına inteqrasiyası istiqamətində mühüm işlər görülmüşdür.
Xocalı Azərbaycan xalqının yaddaşında həm zəngin tarixi-mədəni irsi, həm də 1992-ci ilin fevralında törədilmiş faciə ilə bağlı xüsusi yer tutur. Xocalının dövlət suverenliyinin bərpa edildiyi şəhərlər sırasında yer alması xalqımız üçün böyük mənəvi əhəmiyyət daşıyır. Bu gün burada aparılan bərpa-quruculuq işləri və keçmiş məcburi köçkünlərin doğma şəhərlərinə qayıdışının təmin edilməsi Xocalının tarixində yeni mərhələnin başlandığını göstərir.
Xocavənd qədim tarixi və zəngin mədəni irsi ilə seçilən bölgələrimizdəndir. Azıx və Tağlar mağaraları kimi mühüm arxeoloji abidələrin yerləşdiyi bu ərazi Azərbaycanın tarixi-mədəni irsinin ayrılmaz hissəsidir. Dövlət suverenliyinin bərpasından sonra Xocavənddə infrastrukturun yenidən qurulması, tarixi irsin qorunması və əhalinin doğma yurdlarına qayıdışı üçün yeni imkanlar yaranmışdır.
Ağdərə də Qarabağın mühüm yaşayış məntəqələrindən biri kimi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Şəhərdə Dövlət Bayrağının ucaldılması və rayonun inzibati ərazi quruluşunun yenidən formalaşdırılması dövlət idarəçiliyinin bərpasının mühüm göstəricilərindəndir. Ağdərənin gələcək inkişafı Qarabağın sosial-iqtisadi potensialının reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın Zəfərdən sonrakı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Yeni yolların, enerji və su infrastrukturunun, yaşayış komplekslərinin, məktəblərin, səhiyyə və digər sosial obyektlərin yaradılması regionun hərtərəfli inkişafına xidmət edir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin təhlükəsiz və layiqli şəkildə doğma torpaqlarına qayıdışı təmin olunur.
Qarabağda quruculuq prosesi yalnız dağıdılmış infrastrukturun bərpası deyil, regionun müasir, təhlükəsiz və dayanıqlı inkişaf məkanına çevrilməsini nəzərdə tutur. Yenidən qurulan şəhərlər, abadlaşdırılan kəndlər, bərpa olunan tarixi abidələr və doğma yurdlarına qayıdan insanlar Azərbaycanın tarixi Zəfərinin real nəticələridir.
20 sentyabr həm də şəhidlərimizin müqəddəs xatirəsinin yad edildiyi gündür. Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canından keçən qəhrəmanlarımızın fədakarlığı heç vaxt unudulmayacaq. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin şücaəti və Azərbaycan Ordusunun göstərdiyi misilsiz rəşadət xalqımızın Zəfər tarixinin əsasını təşkil edir.
Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə dalğalanan Azərbaycan Bayrağı xalqımızın milli iradəsinin, dövlətimizin suverenliyinin və tarixi Zəfərimizin rəmzidir. Bu şəhərlərdə yenidən həyatın canlanması, insanların doğma torpaqlarına qayıtması və müasir infrastrukturun yaradılması Azərbaycanın yeni inkişaf mərhələsinin parlaq göstəricisidir.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının Zəfər tarixini, dövlətçilik iradəsini və Böyük Qayıdışın əzmini özündə birləşdirən əlamətdar gündür.
Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edir, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və Vətənimizin müdafiəsində iştirak etmiş bütün hərbçilərimizə minnətdarlığımızı bildiririk.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü mübarək!
Kamran Quliyev ,
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini



