
Xoşbəxtlik gələndə zərif yel kimi gəlir, gəlişi də çox bilinmir. Bədbəxtlik isə tufan tək gəlir, uçura-uçura, dağıda-dağıda gəlir. Özü də bədbəxtliyi heç kəs öz xoşuna seçmir, o, özü gəlib bizi tapır. Xalqımızın başına açılan oyunlar kimi, qanlı 20 Yanvar kimi.
20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir. 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Müdrik dövlət başçısı Heydər Əliyevin hakimiyyəyə gəlişindən sonra 20 Yanvar hadisələrinə dolğun siyasi qiymət verilməsi, bu inamı və əqidəni daha da möhkəmləndirmişdir. Heydər Əliyev bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa qarşı zidd aksiya adlandırıb. Yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş şəxslərə dövlət başçısı tərəfindən “20 Yanvar şəhidi” fəxri adının verilməsi o günü bir daha gələcək nəsillərin yaddaşına həkk etdirdi. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür addımı sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar.
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 36 il ötüb. Həmin gün Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmi heç bir qüvvə tərəfindən qırıla bilməyib. Eyni zamanda tarix göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar bir daha xalqımızın yenilməz, məğrur olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək torpaqlarımızı əzəli düşməndən təmizlədi. Azərbaycan xalqı 20 Yanvar şəhidlərini heç zaman unutmayacaq, əbədi xatirə kimi həmişə yad edəcəkdir. Onların xatirəsi bizim üçün əbədi və müqəddəsdir!
Tənzilə Lətifova,
Nizami Mədəniyyət Mərkəzinin metodisti


