2020-ci ildə yenidən formalaşan Milli Məclis xalqın etimadını doğrulda bildi

Ötən dövr ərzində dövlət başçısının uzaqgörən daxili və xarici siyasətinin Milli Məclis səviyyəsində dəstəklənməsi üçün bütün lazımi tədbirlər görülüb. İstər 2020-ci il, istərsə də cari il ərzində Altıncı çağırış Milli Məclis yeni tərkibdə və yeni müstəvidə uğurla fəaliyyət göstərib və dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına öz töhfəsini verib. Parlament, xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini qurub və normativ hüquqi bazanın formalaşdırılması istiqamətində mühüm addımlar atılmasında yaxından iştirak edib.Son illər ölkəmizdə demokratiyanın inkişafı istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri məhz çoxpartiyalı parlamentin formalaşması olub. Etiraf olunmalıdır ki, ötən illərdə Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunmaları kimi bir hal baş verməmişdir. Bu mütərəqqi addım da məhz Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə atılmışdır və dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasi islahatların bir parçasıdır.Dövlətimizin başçısı hələ 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra onun təşəbbüsü ilə ölkədə dərinləşən islahatlar kursuna start verildiyini və bu islahatlar kursunun bütün sferaları əhatə etdiyini diqqətə çatdırmışdı. Bildirilmişdi ki, islahatlar nəticəsində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında struktur və kadr dəyişiklikləri həyata keçirilib. Reallıqlar fonunda təbii olaraq, Milli Məclisdə də dəyişikliklərin aparılması məntiqi zərurətdən irəli gəlirdi. 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə xalqın iradəsini əks etdirən parlament heyəti formalaşdı. Kadr islahatları ilə yanaşı, ölkənin yeni siyasi konfiqurasiyasına uyğun olaraq, parlamentin və onun komitələrinin rəhbərliyinə müxalifət partiyalarının təmsilçiləri seçiliblər. Ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədini daşıyır.Plenar iclaslar zamanı deputatların sosial məsafə qaydalarına əməl etməklə iştirakı tam təmin edilmiş, Milli Məclisin inzibati binası mütəmadi dezinfeksiya olunmuş, virusun yayılmasının qarşısını almağa kömək edəcək digər ehtiyat tədbirləri həyata keçirilmişdir. Həmçinin, Milli Məclisin rəhbərliyi, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr köçürüblər.Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı cənab Prezident İlham Əliyev ölkədə həyata keçirilən gənclər siyasətinə diqqət çəkərək Azərbaycan əhalisinin mütləq əksəriyyətinin gənclərdən ibarət olduğunu, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımların atılmalı olduğunu da qeyd etmişdir. Gənclər milli ruhda tərbiyə almalı, xarici təsir altına düşməməlidirlər.Cənab Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı qanunverici orqan üçün bir fəaliyyət planı hesab edilməlidir. Beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılmalı olduğunu bildirən ölkə başçısı Azərbaycana qarşı əsassız yanaşmaların olduğu, ittihamların irəli sürüldüyü təşkilatlarda mübariz olmağı, onların qarşısında yaxşı olmaq deyil, dövlət, xalq qarşısında yaxşı olmağın vacibliyini vurğulamışdır.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı