
Müasir dövlət üçün informasiya siyasəti milli təhlükəsizlikdən ictimai münasibətlərə, dövlət idarəçiliyindən beynəlxalq imicə qədər çoxsaylı sahələrə təsir göstərən mühüm istiqamətdir. 1990-cı illərin əvvəllərində Azərbaycanın qarşısında duran əsas problemlərdən biri də cəmiyyətin obyektiv informasiya ilə təmin olunması və dövlətlə ictimaiyyət arasında informasiya əlaqələrinin qurulması idi. 3 oktyabr 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə bu sahənin də dövlət siyasətində daha sistemli şəkildə nəzərdən keçirilməsi üçün yeni mərhələ yarandı.
İnformasiya siyasətinin əsas vəzifələrindən biri dövlətin fəaliyyətinin cəmiyyətə çatdırılmasıdır. Bu prosesdə media orqanları mühüm rol oynayır. Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuatın hüquqi statusunun müəyyənləşdirilməsi, jurnalist fəaliyyətinin tənzimlənməsi və informasiya mühitinin inkişafı ilə bağlı müxtəlif addımlar atıldı. Dövlət müstəqilliyinin 25-ci ildönümünə dair rəsmi sənəddə çoxsaylı mətbu orqanların fəaliyyət göstərməsi və söz azadlığının təmin edilməsi müstəqillik illərində formalaşmış siyasi-hüquqi mühitin göstəricilərindən biri kimi qeyd olunur.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində ictimaiyyətlə əlaqə məsələsi də xüsusi əhəmiyyət daşıyırdı. Dövlət rəhbərinin müxtəlif sosial qruplarla görüşləri, ziyalılarla, gənclərlə, əmək kollektivləri ilə təmasları siyasi proseslərin cəmiyyətin müxtəlif təbəqələrinin mövqeləri ilə əlaqələndirilməsi baxımından əhəmiyyətli idi. Bu yanaşma dövlət siyasətinin yalnız inzibati qərarlardan ibarət olmadığını, ictimai münasibətlər və siyasi dialoqla tamamlandığını göstərirdi.
İnformasiya siyasətinin digər tərəfi milli maraqların informasiya məkanında qorunmasıdır. Müstəqilliyinin ilk illərində Azərbaycan həm regional münaqişə, həm də beynəlxalq informasiya rəqabəti şəraitində idi. Buna görə ölkənin mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması, dövlətin xarici siyasət xəttinin izah olunması və milli maraqlara dair mövqelərin beynəlxalq informasiya mühitində ifadə edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.
Beləliklə, 3 oktyabr 1993-cü il informasiya siyasətinin də dövlətçilik kontekstində yenidən qurulduğu mərhələnin başlanğıc nöqtələrindən biri kimi araşdırıla bilər. Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə dövlət-cəmiyyət münasibətlərində kommunikasiya, ictimai məlumatlandırma və informasiya təhlükəsizliyi məsələləri daha geniş dövlətçilik gündəliyinin tərkibinə daxil oldu.
Tofiqə Qurbanova,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 24/12” ərazi partiya təşkilatının sədr müavini


