AnalitikaGündəmSiyasət

31 Mart – Azərbaycanlıların Soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi faciədir

Hər il 31 mart tarixində Azərbaycan xalqı 31 Mart – Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Bu gün təkcə keçmişin acı xatirəsi deyil, həm də milli yaddaşımızın qorunması, tarixi həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində baş verən kütləvi qırğınlar xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Həmin dövrdə erməni silahlı dəstələri tərəfindən minlərlə günahsız azərbaycanlı amansızlıqla qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəni və dini abidələr məhv edilmişdir. Xüsusilə Bakı, Şamaxı, Quba, Qarabağ və digər bölgələrdə həyata keçirilən bu vəhşiliklər planlı şəkildə azərbaycanlı əhalinin məhv edilməsinə yönəlmişdi.

Bu hadisələr uzun illər ərzində müxtəlif səbəblərdən lazımi siyasi-hüquqi qiymətini ala bilməmişdir. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu faciəyə dövlət səviyyəsində münasibət bildirildi. 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan olundu və bu hadisələrə ilk dəfə hüquqi-siyasi qiymət verildi. Bu addım tarixi ədalətin bərpası istiqamətində mühüm mərhələ oldu.

Bu gün Azərbaycan dövləti tərəfindən soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl iş aparılır. Xarici ölkələrdə keçirilən tədbirlər, nəşr olunan kitablar və aparılan tədqiqatlar bu faciənin unudulmamasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Tarixi yaddaşın qorunması milli kimliyimizin əsas sütunlarından biridir.

31 Mart faciəsi bizə göstərir ki, xalq olaraq tariximizi unutmamalı, keçmişdən nəticə çıxarmalı və milli birliyimizi daha da möhkəmləndirməliyik. Bu gün Azərbaycanın güclü dövlət kimi mövcudluğu, ərazi bütövlüyünün təmin olunması və xalqımızın həmrəyliyi məhz belə faciələrdən çıxarılan dərslərin nəticəsidir.

Soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Tariximizi unutmadan, gələcəyə daha inamla addımlamaq hər birimizin borcudur.

Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button