
Müstəqil Azərbaycanın dövlət quruculuğu tarixində 12 noyabr – Konstitusiya Günü siyasi sabitliyin, milli birliyin və dövlət müdrikliyinin təntənəsi kimi əlamətdar yer tutur. Konstitusiya – hər bir dövlətin siyasi sisteminin əsas sütunudur. O, dövlətin necə idarə olunacağını, vətəndaşın hüquq və azadlıqlarının necə qorunacağını müəyyən edən ali hüquqi çərçivə olmaqla yanaşı, eyni zamanda siyasi sabitliyin və milli həmrəyliyin təminatçısıdır. Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyası da məhz bu funksiyanı daşıyır və müstəqilliyimizin hüquqi bünövrəsi, siyasi sabitliyin əsas sənədidir.
Bu sənədin qəbul olunması Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi iradəsinin təcəssümüdür. 1990-cı illərin siyasi təlatümləri, idarəçilik böhranı və daxili qarşıdurmalar fonunda qəbul olunan Konstitusiya Azərbaycanı dağılmaq təhlükəsindən xilas edib müasir, hüquqi, demokratik dövlət quruculuğuna yönəltdi. Heydər Əliyevin siyasi kursu, Konstitusiyanın ruhunda təsbit olunan dövlətçilik prinsipləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu davamlılıq sayəsində Azərbaycan son iki onillikdə bölgədə sabitliyin, müstəqil siyasətin və milli inkişafın rəmzinə çevrilib.
Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, sosial rifah, siyasi sabitlik, iqtisadi müstəqillik, beynəlxalq arenada artan nüfuz məhz Konstitusiyanın müəyyən etdiyi siyasi və hüquqi modelin uğurudur. Məhz bu model ölkəmizə həm milli maraqlarını qorumaq, həm də qlobal sistemdə öz sözünü demək gücü verir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər də Konstitusiya ruhunun təntənəsidir. Bu Zəfər dövlətin hüquqi dayaqları möhkəm, xalqı milli ideya ətrafında birləşmiş, rəhbərliyi uzaqgörən olan bir ölkənin siyasi nəticəsidir. Bu gün Azərbaycan Konstitusiyası təkcə hüquqi sənəd deyil, dövlətin siyasi kimliyinin ifadəsidir. O, sabitliyin, inkişafın və milli iradənin rəmzidir.
Rəşadət Xalıqov,
YAP Nizami rayon təşkilatının sədr müavini



