AnalitikaGündəmSiyasət

Azərbaycanın investisiya məkanında yeni üfüqlər

Azərbaycanın iqtisadi inkişaf salnaməsində son illər mühüm dəyişikliklərlə yadda qalıb. Ölkənin enerji resurslarından əldə etdiyi imkanları iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına yönəltməsi, müasir infrastruktur yaratması və beynəlxalq iqtisadi əlaqələrini genişləndirməsi yeni inkişaf mərhələsinin əsas cizgilərini formalaşdırıb. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışı da Azərbaycanın qarşıdakı dövr üçün iqtisadi prioritetlərini, investisiya imkanlarını və beynəlxalq əməkdaşlıq istiqamətlərini əhatə edən geniş baxış kimi diqqət çəkdi. Prezident çıxışında qeyd etdi ki, son 20 il ərzində Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib və bunun təxminən yarısını birbaşa xarici investisiyalar təşkil edib. Bu göstərici ölkənin beynəlxalq investorlarla formalaşdırdığı uzunmüddətli tərəfdaşlığın miqyasını göstərən mühüm faktlardan biridir.

Çıxışın mühüm istiqamətlərindən biri gələcək iqtisadi artımın daha çox şaxələndirmə, yeni texnologiyalar və qeyri-neft sektorunun potensialından istifadə üzərində qurulması məsələsi idi. Prezident İlham Əliyev Azərbaycanın qarşısında duran prioritetlər sırasında bərpaolunan enerji, logistika və nəqliyyat, mədənçilik, rəqəmsal inkişaf və süni intellektlə bağlı imkanları xüsusi qeyd etdi. Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq külək enerjisi potensialının olduğu bildirildi və qarşıdakı illərdə ölkənin müxtəlif ərazilərində bərpaolunan enerji mənbələrinin daha geniş tətbiqinin nəzərdə tutulduğu vurğulandı. Bu yanaşma Azərbaycanın enerji siyasətində ənənəvi neft-qaz resurslarının əhəmiyyətini qorumaqla yanaşı, yaşıl enerji və yüksək texnologiyalar kimi yeni iqtisadi istiqamətlərin də ön plana çıxarıldığını göstərir. Eyni zamanda elektrik enerjisinin istehsalı və ixracı, enerji ötürücü xətlərin genişləndirilməsi, data mərkəzləri və süni intellekt texnologiyalarının inkişafı arasında qarşılıqlı əlaqənin yaradılması gələcəyin iqtisadi mənzərəsinin mühüm hissəsi kimi təqdim edildi.

Azərbaycanın coğrafi mövqeyi də çıxışda ölkənin investisiya və tranzit potensialını artıran mühüm amil kimi önə çəkildi. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində yerləşən nəqliyyat dəhlizlərinin inkişafı, dəmir yollarına, limanlara, avtomobil yollarına və digər infrastruktur layihələrinə yatırılan sərmayələr ölkənin regional bağlantılar sistemində rolunu gücləndirir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona çatacağı, 2030-cu ilədək isə həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində daşımaların 25 milyon tona və daha yüksək səviyyəyə çatdırılmasının hədəfləndiyi gözlənilir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, müasir logistika yalnız yolların və dəmir yollarının mövcudluğu ilə məhdudlaşmır. Rəqəmsallaşma, gömrük idarəçiliyi, multimodal daşımalar və regional əməkdaşlıq da bu sistemin ayrılmaz hissəsinə çevrilir. Azərbaycanın qonşu dövlətlərlə əməkdaşlığı və Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi isə ölkənin nəqliyyat imkanlarının daha böyük regional iqtisadi sistemə inteqrasiyasına şərait yaradır.

Forumda səslənən fikirlər Azərbaycanın investisiya siyasətində sabitlik, uzunmüddətli tərəfdaşlıq və qarşılıqlı etimad amillərinin də xüsusi əhəmiyyət daşıdığını göstərdi. Prezident İlham Əliyev siyasi və iqtisadi sabitliyi, maliyyə sisteminin dayanıqlığını, aşağı dövlət borcunu və formalaşmış investisiya tərəfdaşlıqlarını ölkənin mühüm üstünlükləri sırasında qeyd etdi. Bununla yanaşı, gələcək investisiya imkanları sırasında neft-qaz sektorunun, elektrik enerjisinin, bərpaolunan enerji layihələrinin, rəqəmsal inkişafın, süni intellekt və data mərkəzlərinin, eləcə də kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahələrinin adları çəkildi. Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın iqtisadi potensialının beynəlxalq biznes dairələrinə təqdim edildiyi mühüm platforma olmaqla yanaşı, ölkənin gələcək inkişaf istiqamətlərinin müzakirə olunduğu geniş dialoq meydanına çevrildi. Prezidentin çıxışında səslənən fikirlər Azərbaycanın qarşıdakı dövrdə enerji imkanlarını, əlverişli coğrafi mövqeyini, insan kapitalını, müasir infrastrukturunu və yeni texnologiyaları vahid inkişaf xəttində birləşdirmək niyyətini nümayiş etdirdi.

Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri 

Oxşar Xəbərlər

Back to top button