MaraqlıSosial

8 Mart – Beynəlxalq Qadınlar Günü və Azərbaycan qadınının cəmiyyətdə rolu

Hər il qeyd olunan Beynəlxalq Qadınlar Günü qadınların cəmiyyətdəki rolunu, onların hüquq və azadlıqlarının qorunmasını, həmçinin tarix boyu göstərdikləri fədakarlığı və qəhrəmanlığı təcəssüm etdirən əlamətdar bir gündür. Azərbaycan qadınları da tarix boyu öz mərdliyi, müdrikliyi və vətənpərvərliyi ilə xalqımızın taleyində mühüm rol oynamış, dövlətçilik ənənələrinin qorunmasına və inkişafına böyük töhfələr vermişlər.Azərbaycan tarixinin müxtəlif mərhələlərində qadınların cəsarəti və gücü xüsusilə diqqət çəkmişdir. Qədim dövrlərdən başlayaraq Azərbaycan qadınları yalnız ailə dəyərlərinin qoruyucusu kimi deyil, həm də Vətənin müdafiəçisi kimi tanınmışdır. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidələrindən biri olan Kitabi-Dədə Qorqud dastanında qadınların igidliyi, döyüş meydanında göstərdikləri şücaət geniş şəkildə təsvir edilir. Tariximizin müxtəlif dövrlərində yaşamış Tomris, Sara Xatun, Möminə Xatun kimi nüfuzlu qadınlar Azərbaycan qadınının siyasi uzaqgörənliyinin və liderlik qabiliyyətinin parlaq nümunələridir. Eyni zamanda xalq yaddaşında qəhrəmanlıq rəmzinə çevrilmiş Nigar, Həcər və Tutu Bikə kimi qadın obrazları da milli tariximizin qürurverici səhifələrində xüsusi yer tutur.

Azərbaycan qadınlarının hüquqlarının təmin olunması sahəsində də ölkəmiz Şərq dünyasında öncül mövqedə olmuşdur. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçmək və seçilmək hüququ verilməsi tarixdə mühüm hadisə kimi qiymətləndirilir. Bununla Azərbaycan qadınları Şərqdə ilk dəfə siyasi hüquqlar əldə etmiş və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə başlamışlar. Bu addım Azərbaycan cəmiyyətinin demokratik dəyərlərə sadiqliyini və qadınların sosial həyatdakı rolunun yüksək qiymətləndirildiyini göstərən mühüm bir mərhələ idi.Zaman keçdikcə Azərbaycan qadınları elm, təhsil, mədəniyyət və digər sahələrdə böyük uğurlar əldə etmiş, cəmiyyətin inkişafına mühüm töhfələr vermişlər. Onlar milli-mənəvi dəyərlərimizin qorunması, ana dilimizin yaşadılması və mədəniyyətimizin inkişafı istiqamətində mühüm rol oynamışlar. Müasir Azərbaycan qadınları həm ailə institutunun möhkəmlənməsində, həm də dövlət və cəmiyyət həyatında fəal iştirak edərək ölkəmizin tərəqqisinə xidmət edirlər. Onların zəhməti, zəkası və məsuliyyəti Azərbaycan cəmiyyətinin güclənməsində mühüm amillərdən biridir.Azərbaycan dövlətində qadın siyasətinin formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyev xüsusi rol oynamışdır. Ulu Öndər qadınların cəmiyyət həyatında iştirakını daim dəstəkləmiş, onların dövlət idarəçiliyində, ictimai-siyasi proseslərdə fəal rol alması üçün geniş imkanlar yaratmışdır. Onun təşəbbüsü ilə ölkədə qadın hüquqlarının qorunmasına və gender bərabərliyinin təmin olunmasına yönəlmiş mühüm addımlar atılmışdır.Bu siyasət bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadınların cəmiyyətdə rolunun artırılmasına xüsusi diqqət yetirir. Onun rəhbərliyi ilə ölkədə qadınların sosial müdafiəsinin gücləndirilməsi, onların dövlət strukturlarında təmsilçiliyinin artırılması və müxtəlif sahələrdə fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində mühüm proqramlar həyata keçirilir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan qadını cəmiyyətimizin mənəvi dayağı, ailə dəyərlərinin qoruyucusu və ölkənin inkişafında mühüm rol oynayan gücdür.

Bu gün Azərbaycan qadınları müasir dünyanın çağırışlarına uyğun olaraq elm, siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə uğurla fəaliyyət göstərir, ölkəmizin beynəlxalq nüfuzunun artmasına öz töhfələrini verirlər. Onların qazandıqları nailiyyətlər Azərbaycanın inkişaf edən və güclənən dövlət kimi dünyada tanınmasına xidmət edir.

Beləliklə, 8 Mart – Beynəlxalq Qadınlar Günü təkcə bayram deyil, həm də Azərbaycan qadınının tarix boyu göstərdiyi qəhrəmanlıq, zəhmət və fədakarlığın qiymətləndirilməsi günüdür. Azərbaycan qadınları bu gün də öz müdrikliyi, gücü və vətənpərvərliyi ilə dövlətimizin və xalqımızın gələcəyinin qurulmasında mühüm rol oynamağa davam edirlər.

 Pərvin Cəfərli,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button