AnalitikaGündəmSosial

8 Mart bütün dünyada olduğu kimi Azərbaycanda da xüsusi təntənə ilə qeyd edilir

Qadınların gücünün, əzminin nəticəsi olan, bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri- 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Tarix boyu Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Bu gün 1975-ci ildən Beynəlxalq Qadınlar Günü olaraq qeyd edilir.

Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynamışdır. Ən dərin fikirləri dolğun ifadə qüdrətinə malik doğma dilimizin əsrlərin sınağından alnıaçıq çıxaraq bu gün də bütün gözəlliyi və zənginliyi ilə yaşamasında onun əməyi misilsizdir.

Milliliklə müasirliyin vəhdətini yüksək mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan xanımları yeni tarixi şəraitdə geniş sosial-mədəni fəaliyyətləri sayəsində böyük ictimai nüfuz qazanmış və cəmiyyət həyatına həmişə bir dinamizm qatmışlar. Onlar adlarını uca tutduqları maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirmiş, müsəlman Şərqində qadınlar arasında mədəniyyətin, incəsənətin, təhsilin və elmin bir çox sahələrində ilk addımları atmaqla yenilikçi, qabaqcıl fikirli və tərəqqipərvər olduqlarını əməli surətdə sübuta yetirmişlər.

Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur.

Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ulu Öndər Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Torpaqlarımızın müdafiəsi və işğaldan qurtarılması zamanı canlarından keçmiş igid övladlarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına xoş arzularımı yetirirəm. Əminəm ki, Azərbaycan qadını bundan sonra da ölkəmizdəki böyük quruculuq işlərində əzmkarlıqla çalışacaq, müstəqillik salnaməmizi yeni müvəffəqiyyətləri ilə zənginləşdirəcəkdir.

Aynur Məmmədova,
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi 

Oxşar Xəbərlər

Back to top button