
8 Noyabr 2020-ci il -Azərbaycan tarixində dönüş nöqtəsi olan bu gün, 44 günlük Vətən müharibəsinin kulminasiya nöqtəsi kimi yadda qaldı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələnən bu müharibə, Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlət suverenliyinin tam təmin olunması ilə nəticələndi. Xalq, iqtidar və ordu arasında möhkəm birlik yaradılmışdır. Doğma torpaqlarını işğaldan azad etməyə hazır olan gənc nəsil yetişdirilmişdir. Bütün siyasi qüvvələr ərazi bütövlüyünün bərpa edilməsi ideyası ətrafında birləşmişlər.Ölkədə yaradılmış idarəçilik modeli Azərbaycana lazımi məqamda dəqiq və qətiyyətlə hərəkət etmək imkanı vermişdir. Azərbaycançılıq ideallarından güc alan xalqımızın milli birliyi döyüş meydanında düşmənə endirilən “dəmir yumruğa” çevrilərək qələbənin mühüm amillərindən biri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan və digər strateji əraziləri işğaldan azad etdi. Ən mühüm anlardan biri isə 8 noyabrda Şuşa şəhərinin azad olunması oldu – bu, müharibənin taleyini həll edən əsas hadisə idi. Zəfər Günü Azərbaycanın beynəlxalq hüquqa sadiqliyinin və ədalətli mövqeyinin təsdiqi oldu. 30 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmışdı. Azərbaycan bu qətnamələrin icrasını 44 gün ərzində döyüş meydanında təmin etdi. Bu, beynəlxalq hüququn real gücə çevrilməsi və regional status-kvonun dəyişməsi demək idi. Zəfər həm də Azərbaycanın siyasi nüfuzunu artırdı. Müharibədən sonra regionda yeni əməkdaşlıq formatları – xüsusilə Zəngəzur dəhlizi və 3+3 formatı gündəmə gəldi. Bu, Azərbaycanın regional nəqliyyat və enerji layihələrində əsas oyunçuya çevrilməsinə zəmin yaratdı. Qafqazın mərkəzində yerləşməsi, Xəzər dənizinə çıxışı və Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərindəki rolu – Zəfərdən sonra daha da əhəmiyyət qazandı. Azad olunmuş ərazilər, xüsusilə Zəngilan və Laçın rayonları, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini təmin edəcək. Bu, həm ölkədaxili inteqrasiyanı gücləndirəcək, həm də regionun tranzit potensialını artıracaq. Eyni zamanda, işğaldan azad olunmuş ərazilər Azərbaycanın kənd təsərrüfatı, turizm və enerji sektorları üçün yeni imkanlar açır. Qarabağ və Şərqi Zəngəzur bölgələri artıq “yaşıl enerji zonası” elan olunub və burada günəş, külək və hidroenerji layihələri həyata keçirilir. Zəfər Günü Azərbaycan xalqının milli birliyinin, ordusunun gücünün və dövlətin siyasi iradəsinin təntənəsidir. Bu gün hər bir azərbaycanlının qürurla xatırladığı, gələcək nəsillərə ötürüləcək bir tarixdir. Zəfər Günü həm də məcburi köçkünlərin doğma yurdlarına qayıdış ümidi ilə doludur. 8 Noyabr – Zəfər Günü Azərbaycanın yalnız hərbi qələbəsi deyil, həm də siyasi iradəsinin, beynəlxalq hüquqa sadiqliyinin və coğrafi üstünlüyünün təcəssümüdür. Bu gün, gələcəyə inamla baxan, güclü və suveren Azərbaycanın simvoludur.
Ramin Əliyev
Yeni Azərbaycan Partiyası, məsləhətçi


