AnalitikaGündəmSiyasət

9 noyabr – Dövlət Bayrağı Günü Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın simvoludur

“Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib, iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 70 il sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib: “Bununla da milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ümummilli Lider Heydər Əliyevin bu önəmli təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılıb və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan edib”.

“Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Bayraq milli identikliyin təzahür formalarından biridir və ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir: “2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib ki, bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaq. Bu mənada qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın  əsasıdır. Məhz dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı”.

Oxşar Xəbərlər

Back to top button