
Beş il əvvəl – noyabrın 20-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan bir gün yaşandı. Bu gün Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz suverenliyini bərpa etdi. Qarabağın mərkəzində yerləşən, 1 094 kv.km ərazini əhatə edən Ağdam 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş, rayonun 77,4 faizi düşmən nəzarətinə keçmişdi.
Bu işğal Ağdama 13 milyard 135 milyon ABŞ dolları dəyərində maddi ziyan vurdu. 128 min sakini doğma yurd-yuvasını tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Rayon mərkəzi də daxil olmaqla 90 kənd işğal edildi, 38 kolxoz, 12 sənaye müəssisəsi, 74 məktəb, 271 mədəniyyət evi, yüzlərlə tarixi və mədəniyyət abidəsi, o cümlədən dünyada yeganə olan Çörək Muzeyi dağıdıldı.
Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən çox insan şəhid oldu, minlərlə soydaşımız yaralandı. İşğal illərində şəhərin bütün tikililəri demək olar ki, yerlə-yeksan edildi.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana rəsmi şəkildə təhvil verildi. Bu, Azərbaycanın Şanlı Qələbəsinin, torpaqlarımızın azad edilməsi uğrunda aparılan haqq savaşının nəticəsi idi. Azadlıqdan dərhal sonra Ağdamın minalardan təmizlənməsi, bərpa və yenidənqurma işlərinə start verildi. Prezident İlham Əliyevin dediyi kimi: “İndi Ağdam üçün yeni dövr başlayır… Ağdam yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təsərrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək.”
Ağdamın bərpası məqsədilə hazırlanmış Baş Plan 2021-ci ilin 28 may tarixində Prezident İlham Əliyevin Ağdama səfəri zamanı ictimaiyyətə təqdim olundu. Bu səfər çərçivəsində Bərdə–Ağdam avtomobil yolunun, şəhərin ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər Muzeyi və Açıq Hava Altında İşğal Muzeyinin, 140 illik Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimləri keçirildi. Eyni zamanda, 125 hektarlıq şəhər meşə-parkında ağacəkmə kampaniyasına start verildi.
2022-ci ildə Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam” mehmanxanasının, yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının və Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməli qoyuldu. Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində bərpa proseslərinə başlanıldı. Eyni zamanda, dəmir yolu və avtovağzal kompleksinin, “City Hotel Agdam”ın, daha bir yaşayış məhəlləsinin təməli qoyuldu. Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə Məscidində aparılan bərpa işlərinin gedişi, Qarabağ xanlarının türbələri və İmarət Kompleksi də diqqət mərkəzində oldu. Səfər çərçivəsində Xurşidbanu Natəvanın abidəsinin açılışı keçirildi.
Bu gün Ağdamda bərpa-quruculuq işləri yüksək sürətlə davam etdirilir. Bir zamanlar xarici jurnalistlərin “Qafqazın Xirosiması” adlandırdığı Ağdam artıq yaxın illərdə Azərbaycanın ən müasir, infrastrukturu inkişaf etmiş şəhərlərindən birinə çevrilmək üzrədir. Beş il əvvəl geri qayıdan bu torpaqlarda yenidən həyat başlayır. Şəhər dirçəlir, kəndlər bərpa olunur, iqtisadi fəaliyyət canlanır. Əminliklə demək olar ki, yaxın zamanda Ağdam həm Qarabağın, həm də bütövlükdə Azərbaycanın inkişaf mərkəzlərindən birinə çevriləcək.
Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



