
Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları – Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan, bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi. Zərifə xanımın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəti cəlb edir: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”.
Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” kitabında oxuyuruq: “Özü də çoxsaylı vəzifələrinin heç birinə qətiyyən formal yanaşmırdı. Məsələlərin müzakirəsində şəxsən iştirak edir, onların uğurlu həlli üçün bilik, qüvvə və enerjisini əsirgəmirdi. Bu zaman çalışırdı ki, gündəlik həyatının işlə bağlı tərəfi heç bir halda qadın və ana kimi üzərinə düşən vəzifələri üstələməsin. Bəzən Zərifə xanım elmi və ictimai işlərin ailəsinə, övladlarına ayıra biləcəyi vaxtı əlindən aldığına görə özünü günahkar hiss edirdi”.
Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası – görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi. Vaxtilə ata evində görüb-götürdükləri respublikanın birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” kitabında oxuyuruq: “Özü də çoxsaylı vəzifələrinin heç birinə qətiyyən formal yanaşmırdı. Məsələlərin müzakirəsində şəxsən iştirak edir, onların uğurlu həlli üçün bilik, qüvvə və enerjisini əsirgəmirdi. Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Bu ocaqda iki övlad böyüyüb – ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar kimi. Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım məhz belə ana idi.
Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, Ümummilli liderimiz, əbədi Prezidentimiz Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmirdi. O, Zərifə xanımla bağlı xatirələrində deyirdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın vəfatından 40 il ötür. İnsanlara nur paylayan bu gözəl insanın, əziz ananın xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. Onun nurlu xatirəsi hər il xalqımız tərəfindən hörmətlə anılır. Ondan geriyə qalan isə çox şey var, saysız – hesabsız elmi işlər, dərdlərinə dərman olduğu minlərlə insanın xeyir – duası, bitməz – tükənməz sevgi və nur idi.
Xanımqız Qəniyeva,
Xəzər rayonu, 206 nömrəli tam orta məktəbin direktor müavini