Avropa ölkələri ilə yeni formatda əməkdaşlıqlar bizi daha da güclü edəcək

Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Ölkə rəhbərlərinin son görüşündə strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu onu göstərir ki, hazırda siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.
Qeyd edək ki, Rumıniya Azərbaycanla strateji tərəfdaşlıq haqqında sənəd imzalayan ilk Aİ üzvüdür. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2022-ci il dekabrın 17-də Buxarestə səfəri zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş imzalanıb. Bu sazişin imzalanması böyük tarixi əhəmiyyət daşıyır. Hamımıza məlumdur ki, İkitərəfli münasibətlərdə enerji layihələri mühüm rol oynayır. Azərbaycan isə hazırki dünyada böyük enerji resursları olan ölkə kimi tanınır və bir çox ölkələr bizimlə əmakdaşlığa maraqlıdır.
Bu məsələyə son görüşdə cənab prezident xüsusi olaraq toxunub.
“İndi əməkdaşlığımız yeni mərhələyə qədəm qoyur. Buxarestdə Azərbaycan təbii qazının Rumıniyaya tədarükü haqqında saziş imzalanıb. Rumıniyanın infrastrukturu vasitəsilə Azərbaycan qazı digər Avropa ölkələrinə də nəql olunacaq”, – deyə Cənab Prezident İlham Əliyev bildirib .Energetika, əlbəttə ki, təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır.
Bütün bunlar bizə deməyə imkan verir ki, bu əməkdaşlıqlar bizim gələcəyimizə qoyulan sərmayədir. Əldə olunan gəlirlər ölkəmizin iqtisadi potensialını daha da artıracaq.
Sübhan Ərəbi,
YAP-ın gənc fəalı