AnalitikaGündəmSiyasət

Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsi

Azərbaycan-ABŞ münasibətləri uzun illər ərzində müxtəlif mərhələlərdən keçib, zaman-zaman qarşılıqlı əməkdaşlıq və gərginlik dalğaları ilə müşayiət olunub. Lakin iki ölkənin münasibətlərinin hazırda özünün ən yüksək mərhələsini yaşadığı da danılmaz bir reallıqdır. Çünki müstəqilliyini təzəcə qazanan Azərbaycan işğal faktı ilə üz-üzə qaldığı ağır bir dövrdə “Azadlığa Dəstək Aktı”na edilən 907-ci düzəliş kimi ədalətsiz qərar ötən dövrdə Vaşinqton-Bakı münasibətlərinin üstünə daim kölgə salırdı. Amerika-Azərbaycan arasında ikitərəfli münasibətlər yalnız Prezident Donald Trampın Ağ Evə hər iki rəhbərliyi dönəmində müsbət dinamika qazanmışdı. Ağ Ev rəhbəri Donald Tramp və Prezident İlham Əliyev arasındakı səmimi dostluq münasibətlərindən bəhrələnərək inkişaf edən bu əlaqələr liderlərin xüsusi səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı qeyd etdi ki, 907-ci düzəliş bizə qarşı tətbiq olunanda bu, çox böyük ədalətsizlik, eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin buna laqeyd yanaşması idi. O vaxtı AXC-Müsavat hakimiyyəti peşakarlardan ibarət olmamış, əksinə, çox təsadüfi insanlar hakimiyyəti ələ keçirmiş və bununla da, faktiki olaraq Azərbaycanı məhvə doğru apardılar. Ondan cəmi bir il sonra xalqın tələbi ilə hakimiyyətdən getməyə məcbur oldular. Əgər Azərbaycan o dövrdə öz haqq sözünü Amerika rəhbərliyinə çatdıra bilsəydi, mübarizə aparsaydı, onda bəlkə də Konqresdə erməni lobbisi tərəfindən təşkil edilmiş bu məsələyə Amerika administrasiyası başqa prizmadan da baxa bilərdi. Hər halda Konqres müstəqil orqan olsa da, xarici siyasətlə bağlı olan məsələləri bir çox hallarda Prezident Administrasiyası ilə müzakirə edirdi. Habelə prezident vurğulayırdı ki, o vaxt Azərbaycanda hakimiyyətdə olanlarheç bilmirdilər ki, gündəlikdə belə bir məsələ var, gündəlikldə belə bir məsələ var, belə bir qanun qəbul olunacaq və Azərbaycana qarşı bu ədalətsiz düzəliş tədbiq ediləcək. Məlumdur ki, 907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul edildi. Həmin dövrdə Azərbaycanda böhranlı vəziyyət yaranmış, torpaqlarımız Şuşa, Laçın işğal edilmiş, Xocalı soyqrımı, xalqımıza qarşı hərbi cinayət törədilmişdi. Yalnız uzun sürən mübarizədən sonra bu düzəliş 11 sentyabr 2001 ci il hadisələrindən sonra Amerika Prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı və bu, 2024-cü ilə qədər davam edirdi. Amerikanın Əfqanıstandakı missiyası başa çatandan sonra Bayden administrasiyasının bu düzəlişin aradan qaldırılmasını dayandırdığını vurğulayan Azərbaycan Prezidenti qeyd edirdi : “Yəni artıq Azərbaycan onlara lazım deyildi, Əfqanıstandakı missiya başa çatmışdı və beləliklə, bu düzəliş yenidən tətbiq edilmişdi. Əlbəttə, bunun bizim iqtisadi inkişafımıza heç bir təsiri yoxdur və ola da bilməz. Ancaq bu, Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir”.

Nəhayət ki, Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə vəziyyət tamamilə dəyişib. İndi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxıb. Bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklərin getdiyini, yolların açıldığını və hətta Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu gün bu yoxdur. Ona görə əlbəttə, biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var”.

Yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan-Amerika əlaqələrindən geniş bəhs edən Prezident İlham Əliyev bu kontekstdə 2025-ci ilin tarixi bir il sayıla biləcəyini vurğuladı: “Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir. Oktyabr ayından bu yana mənim tərəfimdən Amerikaya nazirlərdən və özəl sektor nümayəndələrindən, digər məsul şəxslərdən ibarət dörd rəsmi heyət ezam edilmişdir. Demək olar ki, əsas istiqamətlər üzrə strateji xartiyanın hazırlanması və qarşılıqlı sərmayə qoyuluşu, onun təşkili və münasibətlərimizin iqtisadiyyat, ticarət, nəqliyyat, hərbi-sənaye istiqamətlərinin əhatə edilməsi məsələləri müzakirə olunur. Yəni ümidlərimiz böyükdür, nəticələr də kifayət qədər təsirlidir. Ona görə bu nöqteyi-nəzərdən 2025-ci ili təbii ki, çox uğurlu və tarixi il saymaq olar”.

2025-ci ilin 7-8 avqust tarixlərində Prezident İlham Əliyevin Donald Trampın dəvəti ilə Vaşinqton şəhərinə işgüzar səfərinin olduqca zəngin və məhsuldar keçməsi də ölkələrimiz arasında əlaqələrin qarşılıqlı etimada, dostluğa dayandığını nümayiş etdirdi. Ağ Ev lideri Azərbaycan Prezidentinin Vaşinqtona səfəri zamanı – ötən il 8 avqustda ölkəmizin rəhbərinin III Şuşa Qlobal Media Forumunda özü ilə bağlı etdiyi çıxışını xüsusi jest olaraq yenidən paylaşması da bunu təsdiqlədi. 2025-ci ilin iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Donald Trampın müharibələrə başlamamış yeganə ABŞ Prezidenti olduğuna diqqət çəkən İlham Əliyev vurğulamışdı ki, o, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. ABŞ-yə tarixi səfər zamanı Ağ Ev rəhbərinin Prezident İlham Əliyevə xüsusi rəğbət göstərməsi də diqqətlərdən yayınmadı. İstər Ağ Evin rəmzi açarının dövlətimizin başçısına təqdim edilməsi, istərsə də “Azadlığa Dəstək Aktı”na edilən ədalətsiz 907-ci düzəlişdən Azərbaycan Prezidentinin iştirakı ilə oval ofisdə imtina edilməsi rəmzi məna daşıyırdı.

Prezident İlham Əliyevin ötən il Vaşinqtona etdiyi tarixi səfər çərçivəsində “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalandı. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı – enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə, müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq kimi üç istiqaməti əhatə edir. Müsahibəsində dövlətimizin rəhbəri söylədi ki, uzun illər arzuladığımız Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılması da məhz 8 avqust tarixində reallaşdı: “Yəni Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir”.

Göründüyü kimi, Amerika-Azərbaycan əlaqələri özünün yeni tarixi mərhələsini yaşayır və getdikcə bu münasibətlər dərinləşir. Bu münasibətlər xüsusilə iki ölkə liderinin şəxsi səyləri ilə daha da inkişaf edərək perspektivli gələcək vəd edir.

Əminə Əsədova,
Xəzər rayonu, 92 №li tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button