
Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz “Tramp rifah və sülh marşrutu” rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır. Azərbaycan və Ermənistan eyni ərəfədə, Sovet İttifaqının süqutundan sonra müstəqil oldu. Amma o ərəfədə artıq biz müharibə içində idik. Biz, əlbəttə ki, bir çox illəri itirdik. Müharibələr, işğal və qan tökülməsi ilə bağlı narahatlıq içində idik. Bu gün tarixi gündür, sülh günüdür. Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən ona olduqca minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan cəsarətlə sülhə nail olacaq və bizim xalqlarımız da barışacaqdır. Biz bu cür münaqişələrə və qan tökülməsinə son qoyacaq və uğurla irəli gedəcəyik
7-8 avqust 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri həyata keçirilib.
Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin Prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb.
Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Səfər, həmçinin iki ölkə Prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması ilə əlamətdar olub. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır.
Azərbaycan Respublikası Prezidentinin ABŞ-yə səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar olub. Səfər zamanı, Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb.
Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir.
Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb.
Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.
ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacib addımdır.
Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənəd şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini ehtiva edir.
Bu görüş yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün deyil, həm də ABŞ-Azərbaycan əlaqələrinin yeni keyfiyyət mərhələsinə keçməsi üçün əhəmiyyətli addımdır. Deputat xüsusilə ABŞ Konqresində uzun müddət qüvvədə olan 907-ci düzəlişin ləğvini bu prosesin ən önəmli siyasi nailiyyətlərindən biri kimi dəyərləndirir. 1992-ci ildə qəbul edilən 907-ci düzəliş ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımı göstərməsini məhdudlaşdırırdı. Bu qərar Birinci Qarabağ müharibəsi zamanı qəbul olunaraq iki ölkə arasındakı münasibətlərə ciddi təsir göstərmişdi. İllər ərzində bu məhdudiyyət yalnız iqtisadi əməkdaşlığa deyil, həm də təhlükəsizlik və müdafiə sahələrində tərəfdaşlıq imkanlarının genişlənməsinə mane olurdu. Onun ləğvi isə ABŞ-ın Azərbaycanın strateji tərəfdaşı kimi çıxış etmək niyyətinin real ifadəsidir.
Üçtərəfli görüşdən sonra Azərbaycan ilə ABŞ arasında yaranan yeni siyasi mühit gələcək əməkdaşlıq üçün geniş imkanlar açır. Fikrimcə, artıq mediada bu görüşlə bağlı yayılan fikirlər əsasən müsbət xarakter daşıyır və bu, tərəflərin regionda davamlı sülh istiqamətində iradəsini göstərir. Proseslər yalnız diplomatik əlaqələrin bərpası ilə məhdudlaşmır, eyni zamanda iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya infrastrukturlarının modernləşdirilməsi kimi sahələrdə böyük perspektivlər vəd edir. Vaşinqton görüşü Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanğıcıdır. Bu görüşün nəticələri həm Azərbaycan, həm də Ermənistan üçün regional və beynəlxalq münasibətlər sistemində daha əlverişli mövqelər yaradacaq. Qəbul edilmiş tarixi qərarlar yaxın gələcəkdə regionun iqtisadi və siyasi xəritəsini köklü şəkildə dəyişmək potensialına malikdir.
Beləliklə, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir.
Əzizə Fərzəliyeva
Xəzər rayonu, E.Əliyev adına 234 nömrəli tam orta məktəbin müəllimi