
Avropa ölkələrinin enerji təminatçısı və etibarlı tərəfdaşı olan Azərbaycan Avrasiyada həm də “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin fəal aktorlarından biridir. Ölkəmiz yüklərin Asyiadan Avropanın müxtəlif istiqamətlərinə təhlükəsiz və ən əlverişli imkanlar daxilində daşınması üçün rahat tranzit marşurutu yaradıb. Xəzər dənizi, Beynəlxalq Dəniz Ticarəti Limanı, “Bakı-Tbilisi-Qars” dəmir yolu, Ələt Azad İqtisadi Zonasının yaratdığı imkanlar bir daha təsdiq edir ki, Azərbaycan Qafqazda ən əlverişli nəqliyyat-tranzit habıdır.
İkinci Qarabağ müharibəsindəki Zəfərin yaratdığı reallıq fonunda isə Azərbaycan Orta dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) daha səmərəli və etibarlı marşrut olması üçün çox mütərəqqi təkliflər irəli sürür.
Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Son illərdə Ukrayna-Rusiya müharibəsi, İran-İsrail gərginliyi, Yaxın Şərqdə baş verən hərbi toqquşmalar, eləcə də qiyamçı husilərin Qırmızı dənizdə ticarət gəmilərinə qarşı silahlı hücumları Avropa dövlətlərini Asiya ilə ticarət əlaqələrini davam etdirmək üçün yeni marşrutlar axtarmağa vadar edib. Məlum hadisələr və qlobal siyasətdəki gərginlik, yükdaşımaların qiymətini bahalaşdırmaqla yanaşı, Avropada inflyasiyanın artmasına da təsir edir. Savaşlar və gəmilərə silahlı hücumlar qlobal marşrutlarda təhlükəsizlik məsələlərinin həlli üçün ayrılan xərclərin də artmasını şərtləndirib. Belə olan hal isə əlbəttə ki, bahalaşmaya səbəb olur. Məhz bu reallıqları nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, bu gün Avropa ilə Asiyanı əlaqələndirən Transxəzər marşrutunun, yəni Orta dəhlizin əhəmiyyəti artır. artır.
Çin-Mərkəzi Asiya-Azərbaycan və Gürcüstandan Qara dənizə və Avropaya uzanan bu dəhliz yükdaşıma xərclərinin aşağı olması ilə yanaşı, həm də təhlükəsizdir. Çindən Avropaya Cənub dəhlizi ilə daşınan yüklər Süveyş kanalından keçməklə 20 min kilometr məsafəni keçməlidir. Dəhlizin açılması regionda nəqliyyat qovşağına çevrilməyi hədəfləyən Azərbaycanın geosiyasi və geoiqtisadi rolunu daha da artıracaq. Regional izoliyasiyadan çıxmaq üçün nəqliyyat kommunikasiyalarının açılması Ermənistana da faydalıdır. Çünki ümumi kommunikasiyaların açılması qarşılıqlı asılılıq yaradaraq sabitliyin artmasına töhfə verəcək.
Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi



