AnalitikaGündəmSiyasət

Azərbaycan Avropa ilə Asiya arasında çoxşaxəli iqtisadi bağlantı mərkəzi kimi

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Prezident İlham Əliyevin çıxışının əsas xəttlərindən biri Azərbaycanın Avropa ilə Asiya arasında bağlantı rolunun gücləndirilməsi məsələsi olub. Prezident İlham Əliyev nəqliyyat, enerji və rəqəmsal bağlantıların inkişaf etdirilməsini Azərbaycanın gələcək iqtisadi imkanları ilə əlaqələndirib. Bu yanaşma Azərbaycanın coğrafi mövqeyinin təkcə tranzit üstünlüyü deyil, müxtəlif iqtisadi sistemləri birləşdirən kompleks platformaya çevrilməsi perspektivini gündəmə gətirir.

Ənənəvi olaraq bağlantı anlayışı əsasən dəmir yolu, avtomobil yolları və limanlarla əlaqələndirilirdi. Lakin XXI əsrin iqtisadiyyatında enerji və məlumat axınları da ən azı fiziki yük axınları qədər əhəmiyyətlidir. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda elektrik enerjisi, yaşıl enerji, fiber-optik kabellər və nəqliyyat dəhlizlərini eyni strateji müstəvidə təqdim etməsi bu dəyişən reallığı əks etdirir.

Azərbaycan üçün belə modelin iqtisadi əhəmiyyəti tranzit gəlirlərinin artmasından daha geniş ola bilər. Əgər ölkə müxtəlif dəhlizlərin birləşdiyi platformaya çevrilirsə, həmin dəhlizlərin ətrafında logistika, emal, istehsal, texniki xidmət, sığorta və maliyyə xidmətlərinin inkişafı üçün də imkanlar yaranır. Bu, tranzit iqtisadiyyatının əlavə dəyər yaradan iqtisadi ekosistemə çevrilməsi deməkdir.

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Azərbaycanın bağlantı imkanlarını investorlarla müzakirəyə çıxarması beləliklə daha geniş siyasi-iqtisadi məna daşıyır. Burada söhbət yalnız bir neçə marşrutun inkişafından getmir. Məsələ Azərbaycanın qlobal təchizat zəncirlərində mövqeyini gücləndirə biləcək çoxşaxəli infrastruktur sisteminin formalaşdırılmasıdır. Bunun real iqtisadi nəticəsi isə dəhlizlər üzrə yük həcmi ilə yanaşı, həmin axınların ölkə daxilində yaratdığı əlavə dəyərin səviyyəsindən asılı olacaq.

Nəzrin Həsənli, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button