
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də İsveçrə Konfederasiyasına səfərə gəlib. Ölkə başçısı elə həmin gün Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.
Biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Bu sözləri Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibəsində deyib. Azərbaycanın milli maraqları, həyat tərzini və müstəqil siyasəti qəti şəkildə müdafiə edib çoxlu uğur qazandığını vurğulayan dövlət başçısı deyib: Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.
Hazırkı dönəmdə Azərbaycan öz tarixi inkişafının tamamilə yeni dövrünü yaşamaqdadır. Müstəqilliyin ilk illəri ölkənin milli dirçəlişində dönüş nöqtəsi oldu. 1993-2003-cü illər ərzində olduqca gərgin mühitdə işləyən ümummilli lider Heydər Əliyev ölkənin siyasi və iqtisadi həyatının sabitləşdirilməsi üçün bir çox köklü islahatlar həyata keçirdi. Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsinə nail oldu, gələcək illər üçün milli inkişafın uzunmüddətli strategiyasını müəyyən etdi. Belə ki, ümummilli lider yeni müstəqil Azərbaycanı beynəlxalq ictimaiyyət üçün olduqca mühüm strateji məkan və vacib iqtisadi tərəfdaş kimi görürdü. Heydər Əliyevin mükəmməl qaydada düşünülmüş siyasi strategiyası nəinki milli iqtisadiyyatın intensiv inkişafını, o cümlədən gənc ölkənin regional proseslərin əsas birləşdirici faktora çevrilməsini təmin etdi və bunun nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sisteminin etibarlı iştirakçısı statusunu qazandı.
Cənubi Qafqazda əhalisinin sayının ən çox olduğu mühüm ölkə kimi Azərbaycan sözün əsl mənasında vacib məkan sayılmaqla xüsusi diqqətə layiqdir. Bu gün, bu dünyəvi müsəlman dövlətində islam dünyası ilə mövcud olan sıx əlaqələrlə yanaşı, Qərb mədəniyyətinə yönəlmiş qonşu xristian ölkələrinin təsiri də hiss edilməkdədir. Azərbaycanın Şərq ilə Qərbin kəsişdiyi məkanda yerləşməsi ona hər iki mədəniyyətin dəyərlərini bir yerdə inkişaf etdirmək imkanını yaradır. Nəticədə, Azərbaycan nəinki müxtəlif mədəniyyətlər və sivilizasiyaları birləşdirən körpü rolunu oynayır, o həm də Avropa ilə Asiyanın əsas iqtisadi sistemlərini də bir araya gətirir.
Hal-hazırda, Azərbaycan neftini aşağıda sadalanan marşrutlar üzrə ixrac edir: qara qızıl Bakı – Supsa boru kəməri ilə Gürcüstana, Bakı – Novorossiysk boru kəməri ilə Rusiyaya, Bakı – Tbilisi – Ceyhan boru kəməri (BTC) ilə Gürcüstana, Türkiyəyə və dünya bazarlarına daşınır. Eyni zamanda, Azərbaycanın təbii qazı Bakı-Tbilisi-Ərzurum (BTƏ) boru kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə çatdırılır və oradan isə, Türkiyənin qaz şəbəkəsinə qoşularaq bütün Avropaya nəql olunur. Azərbaycan öz tələbatlarını təmin edənə qədər qazı Rusiyadan bu boru kəməri vasitəsi ilə idxal edirdi. Azərbaycan həmçinin 2007-ci ilin iyul ayında Bakı – Tbilisi – Ərzurum boru kəməri vasitəsilə ilk dəfə ölkəmizə məxsus qazla doldurulan Türkiyə-Yunanıstan boru kəməri vasitəsilə mavi yanacağını Avropaya ixrac etməyə başlamışdır.
Eyni zamanda,Azərbaycan özünün təbii qazını Gürcüstan, Türkiyə, Yunanıstan və İtaliya vasitəsilə Avropa İttifaqının ölkələrinə tranzitini nəzərdə tutan NABUKKO layihəsinə ciddi maraq göstərir. Həmçinin, əsas Avrasiya nəqliyyat dəhlizi olacaq Bakı-Tbilisi-Qars dəmir yol xətti kimi mühüm geostrateji layihənin həyata keçirilməsi regional iqtisadi əməkdaşlığı möhkəmləndirəcək və Şimal ilə Cənub arasında genişmiqyaslı əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.
Qeyd edilməlidir ki, dövlət başçısı İlham Əliyevin ənənəvi keçirilən Davos İqtisadi Forumunun iclaslarında iştirakı, eyni zamanda, çıxışı, verdiyi müsahibələr, qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlər Azərbaycan həqiqətlərinin, qlobal məsələlərin həllində tutduğumuz mövqeyin təbliğində əhəmiyyətli rol oynayır. İstər görüşlər, istərsə də müsahibə Azərbaycanın nüfuzunun, Prezident İlham Əliyevə yüksək etimadın göstəricisidir. Ölkəmizin hər bir məsələdə mövqeyinə verilən önəm diqqətdən kənarda qalmır. Təbii ki, bu, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olmasından, inkişaf modelinin nümunəviliyindən, münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına göstərdiyi diqqətdən irəli gəlir.
Azərbaycan regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirib və aid olduğu Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub. Ölkəmizdə güclü, özünü təmin edən iqtisadiyyat qurulub. Ölkəmizin hər bir sahədə əməkdaşlıq proqramları və əməli işlərin nəticələri var. Azərbaycan təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə töhfələr verir və bu, artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.
Əkbərova Hüsniyyə,
Xəzər rayonu, 92 №li tam orta məktəbin müəllimi