AnalitikaGündəmSiyasət

Azərbaycan-Çin münasibətləri qarşılıqlı etimada əsaslanaraq daha da dərinləşməkdədir

Son illər hər iki dövlət başçılarının şəxsi rəhbərliyi və köməyi ilə Çin-Azərbaycan münasibətləri yaxşı inkişaf tempini qoruyub, “Bir Kəmər, bir Yol”un birgə tikintisi sahəsində əməkdaşlıq səmərəli nəticələr verib, beynəlxalq əməkdaşlıq səmərəli olub. Getdikcə dərinləşən strateji tərəfdaşlıq daha qlobal əməkdaşlığa çevrilir.

Azərbaycan qədim İpək yolu üzərində yerləşən strateji mövqeyi ilə yalnız tarixən deyil, həm də müasir dövrdə dünya iqtisadiyyatında və siyasətində mühüm yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Cənubi Qafqazın lider dövləti olaraq beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır. Bu mənada, Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Dünyanın aparıcı dövlətlərindən olan Çinlə olan strateji tərəfdaşlıq bəyannaməsi münasibətlərimizi daha da inkişaf etdirməyə imkan verir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaşdır. Bu da imkan verir ki, həmin beynəlxalq təşkilatla daha da yaxından əməkdaşlıq edək. Həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də BRİCS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Azərbaycanın nəqliyyat infrastrukturunun Şərqdən Qərbə gedən yol üzərində yerləşməsi Çin və Orta Asiya ölkələri ilə əməkdaşlığı gücləndirməyi diktə edir.

Azərbaycan və Çinin strateji tərəfdaşlığı bir-birinə hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulub. Tarixi köklərə söykənən bu prinsiplər ötən il 2024-cü il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” ilə rəsmi strateji müstəviyə qədəm qoyub. Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində sözügedən Birgə Bəyannaməni şərh edərək deyib ki, bu sənədlə Azərbaycan və Çin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlar olduqlarını təsdiq ediblər. Daha sonra dövlət başçısı Astanadakı görüşü və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannaməni tarixi hadisə adlandırır və bunu Azərbaycan-Çin münasibətlərində yeni səhifə kimi qiymətləndirir. Səfər zamanı verdiyi müsahibədə cənab prezident bildirib ki, bizim Astanadakı görüşümüz və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Dövlətimizin başçısı, həmçinin bildirib: “ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir”. Dövlət başçımız müsahibəsində strateji tərəfdaşlığın dərinləşməsi, Azərbaycanın Çinin “Kəmər və yol” təşəbbüsündə əməkdaşlığı, Birgə Bəyannamənin tarixi əhəmiyyəti barədə mühüm mesajlar səsləndirdi.

Müsahibədə Prezident İlham Əliyev Çin səfərindən gözləntilərini də açıqladı, əməkdaşlığın qlobal və regional iqtisadi rihafa müsbət təsir göstərəcəyinə ümidvar olduğunu vurğulamışdır.Xatırladaq ki, 2024-cü ilin sentyabrında Azərbaycan ilə Çin arasında imzalanmış “Strateji Tərəfdaşlığın Qurulması Haqqında Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləmişdi. Bu sənəd təkcə ikitərəfli əməkdaşlığın genişlənməsi deyil, eyni zamanda, dəyişən beynəlxalq münasibətlər sistemində Azərbaycanın Çinlə daha sıx əməkdaşlıq etməyə hazır olduğunu nümayiş etdirmişdi.

Ümumiyyətlə, Birgə Bəyannamədə tərəflər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizlik və qarşılıqlı suverenliyin tanınması kimi vacib məsələlərə dair ortaq öhdəliklərini təsdiqləmişdilər. “ Kəmər və yol” təşəbbüsünə dəstəyin ifadə olunduğu sənəddə Azərbaycanın bu təşəbbüsə aktiv şəkildə qoşulduğu öz əksini tapmşdı. Eyni zamanda, Birgə Bəyannamədə ərazi bütövlüyü və suverenliyə qarşılıqlı dəstək ifadə olunmuşdu. Habelə enerji, nəqliyyat və rəqəmsal infrastruktur sahəsində əməkdaşlığı inkişaf etdirilməsinin vacibliyi önə çəkilmişdi. Bu sənəd Bakı-Pekin xəttində münasibətlərin yalnız iqtisadi deyil, həm də siyasi-strateji əsasda dərinləşdiyinin rəsmi təsdiqi idi.

Hacizadə Günay,
Xəzər rayonu, 183 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button